Xəbərlər
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə qanunsuz kəsilmiş ağacların yerinə 9 ağac əkilib
Bakının Nərimanov rayonunda məhv edilmiş yaşıllıqlar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bərpa olunub.
Bu barədə IDEA İctimai Birliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, noyabrın 3-də IDEA İctimai Birliyinin təbiətə təcili yardım “Qaynar xətt”inə Bakının Nərimanov rayonundakı Əliyar Əliyev küçəsi, 25 ünvanında qanunsuz ağac kəsilməsi ilə bağlı sakinlər tərəfindən şikayət daxil olub. Dərhal hadisə yerinə yollanan IDEA-nın mütəxəssisləri aidiyyəti dövlət qurumları ilə birlikdə ərazidə 2 ağacın qanunsuz kəsildiyini müəyyən ediblər.
IDEA İctimai Birliyinin təsisçisinin təşəbbüsü ilə yaşıllıqların bərpası məqsədilə ərazi nəzarətə götürülüb və həmin ünvanda 9 sərv və şam ağacı əkilib. Ağacəkmə aksiyasında IDEA İctimai Birliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olan 235 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın icrası nəticəsində paytaxtımızda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.
Qabaqlayıcı tədbirlərlə yanaşı, IDEA İctimai Birliyinin təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan çox ağac əkilib.
IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.
IDEA İctimai Birliyi bütün vətəndaşları yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı yaradılan “Qaynar xətt”ə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.