Xəbərlər
Tahir Rzayev: Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən islahatlar təqdirəlayiqdir
«Sahibkarlığın inkişafına davamlı olaraq dəstək göstərilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Onun sözlərinə görə, dövlət bu sahənin inkişafına hərtəərfli dəstək verir.
«Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Son illərdə Azərbaycan Respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Təbii ki, hər dövrün spesifik cəhətləri var. Qlobal mənfi təsirlər nəticəsində yaranan mövcud iqtisadi şərait də özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən siyasətə və sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirlərinə yeni yanaşma tələb edir. Bu baxımdan yeni şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən islahatlar təqdirəlayiqdir»- deyə, T.Rzayev vurğulayıb.