Partiya xəbərləri
YAP Gənclər Birliyinin nümayəndəsi Astana şəhərində “Xüsusi Gənclər Sessiyası- Dünya XXI ƏSR” adlı tədbirdə iştirak etmişdir
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təmsilçisi Qazaxstanın hakim Nur Otan partiyasının gənclər qolu olan “Jas Otan”ın dəvəti ilə Astana şəhərində 23-27 oktyabr tarixində keşirilən “Xüsusi Gənclər Sessiyası- Dünya XXI ƏSR” adlı tədbirdə iştirak etmişdir. Toplantının əsas məqsədi Nursultan Nazarbayevin BMT-nin baş assambleyasının 70-ci sessiyasında səsləndirdiyi Manifestə fikir bildirmək və dünyada sülhün bərqərar olması, həmçinin nüvə silahlarından imtina etməyə çağırış olmuşdur. Görüşdə Qazaxstan, Azərbaycan, Türkiyə, Rusiya, Belorusiya, Tacikistan, Qırğızıstan, Çin Xalq Respublikası, Monqolustan, Almaniya təmsil olunub.
Sessiyanı giriş sözü ilə açan Nur Otan partiyasının ideoloji məsələlər üzrə katibi Farxad Kuanqanov açıq elan etmiş, sonra isə “Jas Otan”ın sədri Şaxmardan Baymanov manifestin əhəmiyyəti barədə fikirlərini bildirmişdir.
Mövzu ətrafında çıxışlar zamanı YAP Gənclər Birliyi şurasının üzvü Fərid Nəsibov Prezident Nazarbayevin bu manifestinin yüksək hörmət və diqqətə layiq olduğunu, həmçinin bu manifestin gənclər və bütün bəşəriyyət üçün önəmli olmasını bildirib.
Azərbaycanın əsrlər boyu tolerantlığı, multikulturalizmi və sülhü dəstəkləyən və təbliğ edən ölkə olması iştirakçıların diqqətinə çatdırılmışdır.