Partiya xəbərləri
YAP-ın Gənclər Birliyinin nümayəndələri Konrad Adenauer Fondunun təlim proqramı çərçivəsində Almaniyada səfərdə olublar
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri 16-21 oktyabr tarixlərində Konrad Adenauer Fondunun Cənubi Qafqaz ölkələrindən olan gənc siyasətçilər üçün təşkil etdiyi təlim proqramı çərçivəsində Almaniyada səfərdə olublar.
YAP GB-ni təmsil edən Hülya Məmmədli və Əvəzağa Məlikovun daxil olduğu nümayəndə heyətinin səfər zamanı Almaniyanın bir sıra hökumət və parlament üzvləri, eləcə də Xarici işlər nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəhbəri Maykl Zibert, Bundestaqın Xarici İşlər Komitəsi və Avropa İttifaqı Məsələləri Komitəsinin üzvü Kristof Berqner, Bundestaqın Xristian Demokrat İttifaqı və Xristian Sosialistlər İttifaqının (CDU/CSU) gənclər fraksiyasının üzvü Mark Hauptman, Federal Kansler Aparatının Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli əlaqələr şöbəsinin rəhbəri Knut Abraham, habelə digər partiya, yerli idarəetmə orqanları, QHT və gənclər təşkilatları ilə görüşləri təşkil olunub.
Görüşlərdə Almaniyanın müvafiq qurumlarının strukturu və fəaliyyəti barədə iştirakçılara məlumatlar verilib və fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Azərbaycanın inkişaf modeli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri səsləndiriblər. Öz növbəsində, Almaniya hökumət və parlament üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyətindən bəhs edib, həmçinin, Azərbaycandakı etnik və dini müxtəlifliyin birgəyaşayış modelini dünya üçün tolerantlıq nümunəsi adlandıraraq Bakıda keçirilən İlk Avropa Oyunlarının möhtəşəmliyini vurğulayıblar.