Xəbərlər
Danq The Vinh: Ötən 25 ildə Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinin şahidi olduq
Ötən 25 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinin şahidi olduq, qazanılan bu uğurlar böyük əhəmiyyət kəsb edir.
Bu fikri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ölkəmizin Vyetnamdakı səfirliyinin paytaxt Hanoyda keçirdiyi tədbirdə çıxış edən Vyetnam parlamentinin üzvü Danq The Vinh deyib.
Vyetnam rəsmilərinin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə səfir Anar İmanov geniş təqdimatla çıxış edib. Səfir 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanın tarixi və inkişaf yolu, ümummilli lider Heydər Əliyevin müstəqilliyin qorunması və inkişafındakı rolu, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın iqtisadi siyasəti, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, habelə Azərbaycan–Vyetnam münasibətləri barədə dolğun məlumat verib.
A.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionda müasir, güclü dövlətə çevrilərək sürətlə inkişaf etdiyini, dövlətimizin təşəbbüsü ilə irimiqyaslı regional layihələrin həyata keçirildiyini bildirib.
Səfir ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnama səfərinin xalqlarımız arasında əlaqələri daha da möhkəmlətdiyini xüsusi qeyd edib. O, Azərbaycan və Vyetnam prezidentlərinin uğurla keçən qarşılıqlı səfərlərini də yada salıb.
Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin vitse-prezidenti, parlamentin üzvü Nqiem Vu Xay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnamın hərtərəfli inkişafına böyük töhfələr verdiyini, bunun heç bir zaman Vyetnam xalqının yaddaşından silinməyəcəyini, Ulu Öndərin Azərbaycan-Vyetnam münasibətlərinin banisi olduğunu xüsusi vurğulayaraq, hazırda iki ölkə arasında siyasi əlaqələrin genişləndirilməsi ilə yanaşı, münasibətlərin bütün spektri, o cümlədən elm istiqaməti üzrə qarşılıqlı faydalı əməkdaşlığın sürətlə dərinləşdirildiyini bildirib.
O, Azərbaycan xalqının suverenliyin əldə olunması üçün keçdiyi çətin mübarizə yolunu yüksək dəyərləndirərək ölkənin inkişafının əyani şahidi olmaq üçün Azərbaycana səfər etməyi tövsiyə edib.
Gələn il Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd ediləcəyini söyləyən Nqiem Vu Xay bu münasibətlə Vyetnamda dövlət səviyyəsində bir neçə tədbirin təşkil olunacağını bildirib.
Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları Mərkəzinin rəhbəri Dao Suan Tien iki ölkə arasında humanitar sahədə əlaqələrin sürətlə inkişaf etdirildiyini bildirib, rəhbərlik etdiyi qurumun Azərbaycanın nəinki Vyetnamda, hətta bütün Cənub-Şərqi Asiya regionunda təbliğ etdiyini deyib.
Vyetnam ziyalısı Doan Danh Nqiep Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyanın görkəmli siyasətçiləri arasında ön sırada olduğunu xüsusi vurğulayaraq, Ulu Öndərin 1983-cü ildə Vyetnama rəsmi səfəri zamanı onu müşayiət etməkdən və tədbirlərində tərcüməçi kimi iştirak etməkdən şərəf hissi keçirdiyini xüsusi vurğulayıb.
Digər çıxış edənlər Azərbaycanın qazandığı uğurları və ölkəmizin sürətli inkişafını yüksək dəyərləndiriblər.
Tədbir zamanı Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna, son illərdəki hərtərəfli inkişafına, müxtəlif sahələrdə qazandığı uğurlara, habelə tarixi və turizm məkanlarına, memarlıq abidələrinə, incəsənətinə və mətbəxinə dair video nümayiş etdirilib.