Xəbərlər
Bütün Rusiyanın və Moskvanın patriarxı Kirill: Azərbaycanda bu gün müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığını və çalışdığını görmək fərəhlidir
“Azərbaycan xalqı 25 il əvvəl ölkənin müstəqil inkişaf yolunu seçib. Bu qərar müstəqil suveren respublikanın həyat fəaliyyətini lazımi şəkildə təmin etməyə və insanların ümidlərini doğrultmağa qadir olan dövlət və ictimai təsisatların yaradılmasını nəzərdə tuturdu. Sizin atanız, hörmətli və nüfuzlu lider Heydər Əlirza oğlu Əliyev yeni Azərbaycan quruculuğuna sanballı töhfə verib. O, Prezident olandan sonra ölkənin taleyinə görə məsuliyyəti öz üzərinə götürüb və onun hərtərəfli inkişafının təməlini qoymağa müvəffəq olub”. Bu fikirlər Bütün Rusiyanın və Moskvanın patriarxı Kirillin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi münasibətilə ünvanladığı təbrik məktubunda yer almışdır.
Təbrikdə daha sonra deyilir: “Sizin başçılıq etdiyiniz respublikada bu gün müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığını və çalışdığını görmək fərəhlidir. Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının fəaliyyətinə göstərdiyiniz diqqətə, habelə yerli ənənələrin və zəngin mədəni irsin qorunub saxlanmasına, insanların mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsinə, sosial sabitliyin və ictimai həmrəyliyin yaradılmasına yönələn dinlərarası dialoqu və məhsuldar kilsə-dövlət tərəfdaşlığını dəstəklədiyinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Sizə xalqa xidmət yolunda yenilməz güc və nailiyyətlər, bütün Azərbaycan sakinlərinə isə sülh və firavanlıq arzu edirəm”.