Xəbərlər
Polad Bülbüloğlu: Heydər Əliyev bugünkü Azərbaycanın memarı, ölkənin indiki uğurlarının təməlini qoymuş insandır
“Heydər Əliyev bugünkü Azərbaycanın memarı, ölkənin indiki uğurlarının təməlini qoymuş insandır. Bundan sonra respublika yavaş-yavaş da olsa, inamla inkişaf etməyə başlayıb. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regionun ən güclü dövlətidir. Bugünkü Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya və regional siyasətin getdikcə daha əhəmiyyətli amilinə çevrilir. Bunu da ilk növbədə daxili siyasi sabitlik, dayanıqlı iqtisadi inkişaf, çoxşaxəli xarici siyasətin formalaşması kimi obyektiv səbəblər şərtləndirir”. Bu sözləri Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təntənəli qəbulda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu səsləndirib.
Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycan xarici ölkələrlə əməkdaşlıq qurarkən, xüsusi prioritet kimi qonşular ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı faydalı əlaqələrin hərtərəfli inkişafını önə çəkir. P. Bülbüloğlunun fikrincə, xarici siyasətdə Rusiya vektoru Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Rusiyanı strateji tərəfdaşlıq əlaqələri bağlayır. Bu əlaqələrin inkişafı təkcə iki ölkənin qarşılıqlı rifahına kömək etmir, həm də bütövlükdə regiona sabitləşdirici təsir göstərir. Ancaq regionda əməkdaşlıq potensialını tam üzə çıxarmaq üçün ona mane olan amilləri aradan qaldırmaq lazımdır. Səfir deyib: “Ölkəmizin ərazisinin işğalı, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayonlarından bu qüvvələrin tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi regionda və bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhlükə yaradan əsas amildir. Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün bərpası işində dünya birliyinin bütün məsul üzvlərinin prinsipial mövqe nümayiş etdirmələrinə ümid bəsləyirik. Heç şübhəsiz, burada BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in münaqişənin nizamlanması üzrə Minsk qrupunun həmsədri, habelə coğrafi və tarixi baxımdan Cənubi Qafqazla sıx bağlı olan bir ölkə kimi Rusiya Federasiyası xüsusi rol oynayır.