YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Türkiyə xalqı öz tarixində görünməmiş bir imtahandan uğurla çıxdı

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində keçirilən iclasda Türkiyə Respublikasında 15 iyul çevriliş cəhdinin qarşısının alınmasından sonrakı vəziyyət müzakirə olunub. Müzakirələrdə Milli Məclisin üzvü,  AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova çıxış edib. Bu mövzuda müzakirələrin əhəmiyyətini qeyd edən Sahibə Qafarova deyib ki, 15 iyulda Türkiyə xalqı bu uğursuz çevriliş cəhdinin qarşısını şərəflə aldı. Onun sözlərinə görə, Türkiyə xalqı və dövləti qanunun aliliyinə, demokratiyaya sadiqliyini və bu dəyərləri necə qətiyyətlə müdafiə etdiyini göstərdi: "15 iyulda Türkiyə xalqı öz tarixində görünməmiş bir imtahandan uğurla çıxdı. Mən həmin hadisələri televiziya kanalları vasitəsilə izlədim, İstanbulda, Ankarada sadə, dinc vətəndaşlara atəş açılması, insanların öldürülməsi, tankların insanların üstünə yeridilməsi, hərbi təyyarələrdən, helikopterlərdən strateji qurumların bombardıman olunması həqiqətən dəhşətli idi. Terrorçular dövlət televiziyasına basqın edib kanalın fəaliyyətinə müdaxilə etdilər, özəl kanallara təzyiqlər göstərilirdi ki, çevriliş cəhdi haqqında doğru, düzgün məlumat verilməsin".

Bu gün Türkiyə dövlətinin terrorçu təşkilat olan FETO-ya qarşı uğurla mübarizə apardığını vurğulayan komitə sədri Sahibə Qafarova Türkiyə hakimiyyətinin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə uyğun, fundamental insan hüquq və azadlıqlarına hörmət, qanunun alililiyi çəçivəsində zəruri tədbirləri görəcəyinə inandığını bildirib. S.Qafarova beynəlxalq ictimaiyyəti də Türkiyəyə dəstək verməyə çağırıb.

Daha sonra Sahibə Qafarova Türkiyənin Avropada miqrant böhranının həll olunmasına ən çox dəstək verən ölkə olduğunu söyləyib: "Əlbəttə, bu gün bütün Avropa məkanı üçün ciddi problemə çevrilmiş miqrasiya məsələsində də Türkiyəyə dəstək verilməsini gözləyirik. Türkiyə dövləti hər hansı ayrı-seçkiliyə yol vermədən Suriyadan gələn miqrantlar üçün qapılarını açıb. Türkiyədən sığınacaq almış suriyalıların ümumi sayı 2,7 milyonu ötüb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının məlumatına görə, dünyadakı qaçqınların ən böyük hissəsi Türkiyədə məskunlaşıb. Bu günə qədər Türkiyə dövləti suriyalı qaçqınların ehtiyaclarının ödənilməsi üçün  12 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Beynəlxalq ictimaiyyət tərəfindən bunun qarşılığında Türkiyə hökumətinə verilən dəstək cəmi 500 milyon avro məbləğindədir.

Bu gün miqrasiya qlobal bir problem kimi hamımızın qarşısında dayanır. Bu problemin ən düzgün yolunu tapmaq üçün ciddi müzakirələr aparmalı və düzgün cavablar tapmalıyıq. Əminliklə deyə bilərik ki, yalnız birgə səylərimizlə bu problemi həll etmək mümkündür".

DİGƏR Xəbərlər Arxiv