YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Tenaris Global Services” şirkəti Azərbaycanın enerji sektorunda iştirakda maraqlıdır

İtaliyanın “Tenaris Global Services” şirkəti Azərbaycanın enerji sektorunda iştirakda maraqlıdır.

Energetika Nazirliyindən bildirilib ki, bu fikir energetika naziri Natiq Əliyevin İtaliyanın “Tenaris Global Services” şirkətinin icraçı direktoru Paulo Rokka ilə keçirdiyi görüşdə səsləndirilib. “Tenaris Global Services”in energetika sektoru və digər sənaye xidmətlərində polad boruların istehsalında və təchizatında dünyanın aparıcı şirkətlərindən biri olduğunu deyən P.Rokka 21 min 700 işçiyə malik şirkətin 2015-ci ildə büdcəsinin 7,1 milyard ABŞ dolları təşkil etdiyini diqqətə çatdırıb. Bildirib ki, “Tenaris Global Services” şirkəti istehsalat, tədqiqat laboratoriyası, hazırlanmış məhsula son şəkil vermək və xidmət mərkəzlərindən ibarət şəbəkəyə malik olmaqla Amerika qitəsi, Avropa, Orta Şərq, Asiya və Afrikada sənaye sahəsi üzrə fəaliyyət göstərir. Şirkət ən iri neft-qaz bazarlarında birbaşa iştiraka malikdir. Tərəfdaşları arasında dünyanın aparıcı neft şirkətlərinin yer aldığı “Tenaris Global Services” Azərbaycanla İtaliya arasında mövcud enerji əməkdaşlığının və həyata keçirilən enerji layihələrinin yaratdığı imkanlardan bəhrələnərək, öz xidmətlərini təklif etməkdə maraqlıdır.

Azərbaycanla İtaliya arasında tarixən sıx əlaqələrin mövcud olduğunu xatırladan N.Əliyev enerji sahəsində əməkdaşlığın gələcək inkişaf üçün müsbət perspektivlər müəyyənləşdirdiyini deyib. Nazir İtaliyanın “Eni”, “ACIP” “LUKACİP”, “Saipem”, “Maire Tecnimont”, “Amec Foster Wheeler”, “Edison” kimi onlarla şirkəti ilə neft-qaz, emal və neft-kimya sənayesində uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. “Tenaris Global Services”in də öz imkanlarını dəyərləndirmək üçün doğru zaman seçdiyini bildirib.

Nazir ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə də məlumat verərək, ölkədə investisiya üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb.

İtaliyalı qonaq “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) icra vəziyyəti ilə də maraqlanıb.

N.Əliyev neftin qiymətinin kəskin aşağı düşməsi prosesinin davam etməsinə baxmayaraq, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ləngimələrə yol verilmədiyini deyib. Bildirib ki, 2020-ci ildə Azərbaycan təbii qazının TAP kəməri ilə Avropa bazarlarına çatdırılmasına nail olacaq.

İtaliya hökuməti səviyyəsində TAP-a dəstək verildiyini qeyd edən nazir vurğulayıb ki, layihənin vaxtında reallaşması bütün tərəflər üçün eyni dərəcədə vacibdir: “İmzalanan müqavilələrin şərtlərinə əsasən, öhdəlikləri yerinə yetirməyən tərəf cərimələnəcək. Bunun üçün bu işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi olduqca mühüm əhəmiyyət daşıyır”.

Görüşdə DESFA-nın özəlləşdirilməsi və SOCAR-“Snam” əməkdaşlığı barədə də müzakirələr aparılıb.