Xəbərlər
Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının iştirakçıları Heydər Əliyevin məzarını ziyarət ediblər
Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının iştirakçıları oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra iclas iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.