YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dataş Noriko: Azərbaycan müxtəlif mədəniyyətlərin sıx vəhdətdə yaşadığı müasir, tolerant ölkədir

Yaponiyanın tanınmış “TV Tokyo Corporation” televiziya kanalında Azərbaycan haqqında növbəti veriliş nümayiş olunub.

Şirkətin çəkiliş qrupu bir müddət əvvəl xüsusi verilişin hazırlanması məqsədilə ölkəmizdə səfərdə olub. Səfər zamanı aparılan çəkilişlər nəticəsində hazırlanan veriliş bu günlərdə “TV Tokyo 7 Digital” telekanalında nümayiş olunub və yapon tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Verilişdə ölkəmizin iqtisadi inkişafına dair kadrlar və həyata keçirilən nəhəng layihələr barədə məlumatlar öz əksini tapıb. Azərbaycanın həm də “Odlar yurdu” kimi tanındığını diqqətə çatdıran müəlliflər Bakı şəhərindəki “Alov qüllələri” kompleksinin ölkəmizin rəmzini əks etdirdiyini vurğulayıblar.

Verilişdə ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi öz adını xalqımızın tarixinə yazan böyük lider olduğu qeyd edilib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevə xalq tərəfindən olan dəstək, ölkəmizin əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda dövlətimizin başçısının yorulmaz və davamlı fəaliyyəti barədə məlumatlar da öz əksini tapıb.

Azərbaycanda Yaponiyaya xüsusi marağın olduğunu qeyd edən müəlliflər 225 nömrəli tam orta məktəbdə keçirilən yapon dili dərsləri, buradakı şagirdlərin yapon həmyaşıdları ilə dostluq əlaqələri saxlamasından bəhs edirlər.

Verilişdə qeyd edilir ki, paytaxt Bakı həm keçmişin, həm də müasir dövrün memarlıq nümunələri ilə diqqəti cəlb edir. Azərbaycanın turizm üçün çox gözəl ölkə olduğunu bildirən müəlliflər Bakının gecə mənzərələri, metropolitenin yeni xətləri, orijinal dizaynı ilə seçilən “İçərişəhər” stansiyası, paytaxtın gecə illüminasiyaları və digər müasir tikililər barədə də tamaşaçılara ətraflı məlumat verirlər. Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, son illər əldə edilmiş uğurları haqqında da yaponiyalı tamaşaçıları geniş məlumatlandırırlar.

Verilişdə Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sıx dostluq şəraitində yaşadığı yapon xanım Dataş Norikonun türk iş adamı Fatih ilə qurduğu ailənin timsalında tamaşaçılara çatdırılır. Övladları Emre ilə birlikdə bu ailənin Bakıda çox rahat şəraitdə məskunlaşması, özlərinə çoxsaylı dostlar tapması barədə ətraflı məlumat verilir. Vurğulanır ki, mehribanlığı və qonaqpərvərliyi ilə seçilən Azərbaycan xalqı milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq digər xalqların nümayəndələrinə həmişə dost münasibət bəsləyib.

2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikultiralizm ili” elan olunmasına diqqət yönəldən müəlliflər Bakıda məskunlaşan müxtəlif xalqların nümayəndələrinin sıx dostluq əlaqələri saxlamasının buna bariz nümunə olduğunu xüsusi qeyd edirlər. Verilişin qəhrəmanı xanım D.Norikonun sözlərini sitat gətirən müəlliflər bildirirlər ki, Azərbaycan müxtəlif mədəniyyətlərin sıx vəhdətdə yaşadığı müasir, tolerant ölkədir. Burada müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq, dostluq şəraitində, mehriban yaşayırlar.

Sonda D.Noriko qeyd edir ki, mən yapon, həyat yoldaşım türk olsa da, Emre Azərbaycanda doğulub. Bu mənada o, azərbaycanlıdır, bu ölkə Emrenin evidir, vətənidir. Biz böyük məmnuniyyət hissi ilə hələ uzun müddət Azərbaycanda yaşamağı düşünürük.