YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “Din terrorizmə qarşı” mövzusunda konfrans keçirilib

Azərbaycan SSRİ-nin süqutundan dərhal sonra Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsi fonunda dinc əhaliyə qarşı terror aktları ilə üzləşdi. Bu səbəbdən ölkəmiz terrorizmlə mübarizə sahəsində digər böyük dövlətlərdən daha əvvəl davamlı və qəti addımlar atmalı oldu.

Bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) Rusiya və Qazaxıstan prezidentlərinin təşəbbüsü ilə keçirilən “Din terrorizmə qarşı” İkinci Beynəlxalq Elmi-Praktik Konfransındakı çıxışında səsləndirib.

Konfransda 60-dək ölkənin din xadimləri, ictimai birliklərin və siyasi təşkilatların nümayəndələri iştirak edib. Təşkilatçıların sözlərinə görə, konfrans konfessiyalar arasında dialoqun möhkəmləndirilməsi, qlobal terrorizm təhlükəsi ilə mübarizə məsələlərinin müzakirəsi məqsədilə təşkil olunub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları rəhbərləri Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşdə dediyi fikirləri xatırladıb: terrorizm, radikalizm, ekstremizm kimi təzahürlərlə mübarizə sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyət və səy birliyi olmadan təhlükəsizliyi təmin etmək çox çətindir. Azərbaycan dövlətinin başçısı, həmçinin terrorçuların pis və ya yaxşı terrorçulara bölünməsinin düzgün olmadığını qeyd edərək, terrorizmlə mübarizənin qlobal xarakter daşımasının vacibliyini bildirib.

Səfir diqqətə çatdırıb ki, Azərbaycan daim terrorizmlə mübarizəyə qlobal yanaşmanın tərəfdarı olub, bu sahədə bir sıra mühüm beynəlxalq sənədlərə imza atıb. Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarını həmişə rəhbər tutduğunu, beynəlxalq mandatları qeyd-şərtsiz yerinə yetirdiyini bildirən P.Bülbüloğlu Azərbaycanda 90-cı illərin əvvəllərində törədilən terror aktlarını, o cümlədən 1994-cü ilin martında Bakı metrosunda baş vermiş partlayışları xatırladaraq deyib: “Həmin terror aktları nəticəsində 100-dən çox insan həlak olmuş, xeyli sayda vətəndaş xəsarət almışdı. Bütün bu hadisələr, Azərbaycanın üzləşdiyi bu amansız təcrübə ölkəmiz üçün terrorizmlə mübarizəni zəruri etdi”.

Diplomat terrorizmin getdikcə daha çox din pərdəsi arxasında gizləndiyi bir dövrdə gəncləri öz sıralarına cəlb etməyə çalışan beynəlxalq terror qruplaşmaları ilə mübarizənin vacibliyini xüsusi vurğulayıb. Bildirib ki, müasir dövrdə özlərini din uğrunda “mübarizlər” adlandıranlar insanları, həmçinin müsəlmanları qətlə yetirir və bəşəriyyətin mədəni irsinin məhvinə səbəb olan cinayətlər törədirlər. Bu isə öz növbəsində ksenofobiya və dözümsüzlük əhval-ruhiyyəsi yaradır. Avropa dövlətlərində və bir çox digər ölkələrdə multikulturalizmin iflasından danışmağa başlayıblar. Azərbaycanın bu cür yanaşma ilə razılaşmadığını vurğulayan P.Bülbüloğlu deyib ki, ölkəmiz sülhün və həmrəyliyin təbliğinə yönəlmiş səyləri davam etdirir. 2016-cı il Azərbaycanda Multikulturalizm İli elan olunub. Dözümlülüyün və tolerantlığın təbliği sahəsində nümayiş etdirilən bu qətiyyətli mövqe beynəlxalq sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynayır.

Səfir 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyədə iclasın keçirilməsini və Azərbaycanın təşəbbüsü ilə terrorizmlə mübarizə mövzularında əhəmiyyətli müzakirələrin aparıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Təbirdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadzadə şeyxülislam Allahşükür Paşazadənin konfrans iştirakçılarına müraciətini oxuyub.

Sonra RF Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Rusiya Prezidenti Vladimir Putinin konfrans iştirakçılarına müraciətini oxuyub. M.Maqomedov AZƏRTAC-ın müxbirinə müsahibəsində terrorizmlə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirərək deyib: “Terrorizmlə mübarizədə dövlət orqanları ilə dini qurumların birgə səyləri vacibdir. Mən bilirəm ki, Azərbaycanda bu sahədə yaxşı təcrübə var və ölkənizin dini liderləri böyük nüfuza malikdirlər. Birgə səylərimizlə gənclərimizi, o cümlədən müsəlman gəncləri terrorizmə qarşı mübarizəyə cəlb etməliyik”.