Xəbərlər
Elmira Süleymanova: Doğma torpaqlarında yaşamaqdan məhrum olmuş insanlar beynəlxalq birlikdən ədalətli mövqe gözləyirlər
«Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın hüquqları kobud surətdə pozulub». Bu fikri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova deyib.
E.Süleymanova bildirib ki, işğal faktı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının tövsiyə və qətnamələri mövcuddur.
«Lakin bu sənədlərdəki müddəalar bu günədək yerinə yetirilməyib. Azərbaycan öz yurdlarında yaşamaq hüququndan məhrum edilmiş vətəndaşlarının hüquqlarının bərpa edilməsi yönündə beynəlxalq qurumlardan konkret addımların atılmasını gözləyir. Eyni zamanda, doğma torpaqlarında yaşamaqdan məhrum olmuş insanlar beynəlxalq birlikdən ədalətli mövqe gözləyirlər»- deyə, Ombudsman vurğulayıb.