Gündəm
Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
“Bizim xalqımız humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bizim vətəndaşlarımız - bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir ki, bu gün 10 ölkə bu soyqırımını rəsmən tanıyıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanı dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır. Bax, fərq bundan ibarətdir. Bu, onların hərəkətləri, bu da bizim münasibətimiz. Ona görə, təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar.” Bu fikirləri oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı çıxışında səsləndirmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir: “BMT Təhlükəsizlik Şurası - dünyanın ali qurumu bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və iyirmi ildən çoxdur torpaqlarımız işğal altındadır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. 1990-cı illərin əvvəllərində əhalimiz 8 milyon nəfər idi ki, onlardan bir milyonu qaçqın-köçkün vəziyyətinə düşüb. Yəni, o humanitar fəlakəti biz öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq, ölkəmiz inkişaf edir. Bu ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Biz beynəlxalq aləmdə böyük hörmətə malikik. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycana səs verib, bizi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib.”