YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roma Papası Fransiskin iştirakı ilə Bakıdakı Katolik Kilsəsində dua mərasimi keçirilib

Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində messa - dini mərasim keçirmək üçün Bakıdakı Katolik Kilsəsinə gəlib.

Roma Papasını ölkəmizdə yaşayan və fəaliyyət göstərən katolik icmasının üzvləri böyük hərarətlə qarşıladılar.

Əsrlərdir ölkəmizdə hökm sürən tolerantlığın nəticəsidir ki, Azərbaycanda heç yerdə olmayan qardaşlıq və dostluq mühiti yaranıb. Xalqımız hər zaman digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə yüksək dözümlülük nümayiş etdirib, ölkəmizdə heç vaxt dini-milli zəmində münaqişələr, qarşıdurmalar baş verməyib. Azərbaycanda yaşayan və fəaliyyət göstərən katoliklər də həmişə xalqımızın qonaqpərvərliyinin, dövlətimizin diqqət və qayğısının şahidi olublar.

Bakıda ilk Katolik Kilsəsi 1912-ci ildə memar Ploşkonun rəhbərliyi altında inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi, bu kilsə də dağıdılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədəki bütün dini icmalar öz haqlarına qovuşublar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün Bakıda yeni kilsənin inşa edilməsi məqsədilə ərazi ayrılıb. Ölkəmizdə yaşayan müxtəlif dini icmalara dövlət səviyyəsində qayğını davam etdirən Prezident İlham Əliyev də katolik dini icmasının fəaliyyətinə xüsusi diqqət göstərir. Katoliklərə kilsənin tikilməsi üçün ayrılan bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikan nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma Katolik Kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Bir il sonra ölkəmizə səfər edən Roma Katolik Kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul olunub və tikiləcək kilsənin təməlqoyma mərasiminə qatılıb. Müqəddəs Məryəm kilsəsinin inşası 2007-ci ildə yekunlaşıb. Həmin il Roma Katolik Kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis edib və ilk ibadəti həyata keçirib. Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan kilsədə dini ayinlərin yerinə yetirilməsi üçün hər cür şərait var.

Sonra dua mərasimi başladı.

Kilsə xorunun ifasında dini mahnı səsləndi. Sonra Poma Papası və dindarlar xaç çevirdilər və Tanrının şəninə dua oxudular.

Daha sonra tövbə mərasimi başlandı. Papa dindarları tövbə etməyə çağırdı. Tövbə mərasimi “Ya Rəbb, əff et!” nidası ilə başa çatdı. Kilsə himninin ifasından sonra Roma Papası və dindarlar ürəklərində dua etdilər.

Papa Fransisk giriş duası oxudu. Roma Papasının Azərbaycana səfərinin bir çox maraqlı detalları var. Bu səfər “Biz hamımız qardaşıq” şüarı altında baş tutub. Papa Fransisk əmindir ki, bütün insanlar eyni ailəyə aiddir və birlik, dostluq şəraitində yaşamalıdırlar. “Biz hamımız qardaşıq” şüarı İncildən götürülüb və Katolik Kilsəsinin təlimini əks etdirir. Pontifikin apostol səfərinin loqosunda isə Azərbaycanı “Odlar Yurdu” kimi təmsil edən alov dilimləri əks olunub. Loqoda milli bayrağımızın rəngləri təsvir edilib. Buradakı çarmıx qədim dövrlərdən bu torpaqda mövcud olan xristian adət-ənənələrinin rəmzidir, sarı rəng Müqəddəs Taxt-Tac və Katolik Kilsəsini göstərir. Eyni zamanda, alov dilimləri şüalar çıxan ürəyə bənzədilir, bu da Katolik Kilsəsinin bu il ərzində qeyd etdiyi Mərhəmət İlinin rəmzidir.

Giriş duası oxuduqdan sonra Papa Fransisk moizə etdi.

Roma Papası moizəsini Allaha iman üzərində quraraq dedi:

-Allahın sözü bu gün bizə məsihçi həyatının iki əsas aspektini təqdim edir - iman və xidmət. İman haqqında danışanda Rəbbə iki xüsusi xahiş ünvanlanır. Birincisi Peyğəmbər Habakkukun xahişidir. O, insanların zorakılığı, davaları və mübahisələri nəticəsində məhv edilmiş ədaləti və sülhü bərpa etməsi üçün Allahdan müdaxilə etməsini xahiş edir: Ya Rəbb, nə vaxta qədər səni imdada çağıracağam? Sən isə eşitmirsən. Allah həmin dəqiqə cavab verərək birbaşa müdaxilə etmir. Kəskin şəkildə problemi də həll etmir və eyni zamanda, özünü zorla mövcud da etmir. Əksinə, səbirlə gözləməyə və ümidini heç vaxt itirməməyə dəvət edir. Xüsusilə də imanın əhəmiyyətini vurğulayır, çünki insan imanı ilə yaşayacaq.

Allah özü də bizimlə belə rəftar edir. O, bizim istəklərimizə tabe deyil. Çünki biz dünyanı və başqalarını dərhal və davamlı şəkildə dəyişdirmək istəyirik. Onun ilk məqsədi qəlbimizi sağaltmaqdır. O, mənim, sənin və hər kəsin qəlbinə şəfa vermək istəyir. Allah qəlblərimizi dəyişəndə dünyanı dəyişir və biz olmadan o, bunu edə bilməz.

Rəbb həyatlarımıza daxil olmaq istəyir. Buna görə də ürəklərimizin qapılarını açmağımızı arzulayır. Qəlbini ona açmaq və ona etibar etmək məhz iman deməkdir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. Allah açıq və etibarlı qəlb tapanda orada möcüzələr yaradır.

Müqəddəs “İncil”dən sitatlar gətirən Roma Papası insan üçün dünya üzərində zəfər qazanmanın yolunun imandan keçdiyini, həyatda üzləşdiyimiz ən çətin sınaqlardan belə ləyaqətlə çıxmağımızın vacibliyini bildirərək dedi:

-Birinci sınaq tənbəllikdən bəhs edirdi. İkinci sınaq isə bəzən imanlıların çox aktiv fəaliyyət göstərmələri olur. Onların niyyəti sahib olmaq, başqalarının gözündə böyük görünmək, şöhrət qazanmaq olur. Beləliklə, xidmət sadəcə bir vasitədir. Çünki böyük olmaq arzusu əvvəlcə yüksəliş, sonra məqsəd və daha sonra iqtidar sahibliyinə çevrilir. Məsih isə bizə deyir: “Siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun”.

Sonra Papa Fransiskin iştirakı və müxtəlif dini musiqilərin müşayiəti ilə davam etdirilən mərasimdə katolik məzhəbinə aid ayinlər icra olundu. Ümumi dua müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində oxundu.

Daha sonra xristianların İsa Məsihə və öz din qardaşlarına ibadət etməyə hazır olduqlarını göstərən yevxaristiya liturgiyası başlandı. İsa Məsihin cismini və qanını təcəssüm etdirən çörək və şərab gətirildi.

Bu mərasim bir daha ölkəmizdə müxtəlif dini icmalar üçün yaradılan şəraiti bütün tərəfləri ilə nümayiş etdirdi. Bu təsdiqlədi ki, Azərbaycandakı dözümlülük, tolerantlıq mühiti, multikultural dəyərlərə olan sadiqlik ölkəmizdə nadir qardaşlıq və dostluq mühiti yaradıb. Roma Papasının Azərbaycana səfəri isə ölkəmiz ilə Vatikan arasında inkişaf edən münasibətlərə əvəzsiz töhfədir.

Mərasimdə çıxış edən Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Roma Papasına Azərbaycana səfər etdiyinə görə təşəkkür etdi və üzərində Bakıdakı Katolik Kilsəsinin əksi olan xalçanı Papa Fransiskə hədiyyə etdi.

“İman edənlərə şərəf olsun!”, - deyən Roma Papası Fransisk mərasim iştirakçılarına xeyir-dua verərək bildirdi:

-Məryəm Ananın üzündən saçan nurla sizi - Azərbaycandakı əziz imanlıları səmimi qəlbdən salamlayıram. Sizi öz aranızda və pastorlarınızla bir olaraq iman, ümid və məhəbbət ilə şəhadət etməyə ruhlandırıram. Xüsusilə sizin üçün çox qayğı göstərən və müxtəlif xeyirxah işlərə imza atan Salezian ailəsinə və Müqəddəs Tereza Ananın davamçıları – xeyriyyəçi bacılara təşəkkür edərək salamlarımı çatdırıram.

İnsanlara xidmət etmək üçün həyata keçirdiyiniz işlərinizi həvəslə davam etdirin. Biz bu arzularımızı Məryəm Ananın dualarının dəstəyi ilə Rəbbimizə ucaldırıq.

Rəbb bizim ailələrimizi, xəstələrimizi, qocalarımızı və digərlərini bütün bədən, yaxud da ruhdan əziyyət çəkənləri qorusun!

Bununla da ölkəmizin ən böyük Katolik məbədində Roma Papası Fransiskin iştirakı ilə keçirilən dua mərasimi başa çatdı.