YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Forum çərçivəsində keçirilən “dəyirmi masa”da multikulturalizmin Azərbaycan modeli təqdirlə qarşılanıb

Sentyabrın 30-də V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masa”lardan biri də “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvi, akademik Anatoli Torkunov və Link Kampus Universitetinin prezidenti Vinçenzo Skottinin rəhbərliyi ilə keçirilən “dəyirmi masa”da mövzu ətrafında səmərəli müzakirələr aparılır.

Kamal Abdullayev çıxışında bildirib ki, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir: “Dünən V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev elmi məzmunu ilə yadda qalan əhatəli, dərin nitq söylədi. Cənab Prezidentin dediklərindən belə ümumiləşdirmə aparmaq olar ki, dünyada iki qütb formalaşıb. Birinci qütb bədbin qütbdür. Ən qabaqcıl Avropa ölkələri multikulturalizmin iflasından danışırlar. Bunun nəticəsi kimi, insanlığa yad olan meyillər formalaşır. Amma Azərbaycan modeli göstərir ki, multikulturalizmin nikbin qütbü də var”.

K.Abdullayev əlavə edib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multkulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Çox zaman xarici qonaqlar bizdən təəccüblə soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri qardaş və dost kimi yaşaya bilirlər. Biz də buna təəccüblənirik: başqa cür necə olar bilər? Azərbaycan Prezidenti öz siyasi xəttini və qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Ölkəmiz bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Bu gün Azərbaycan modelini fəxrlə bütün dünyada təbliğ edirik”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin rektoru Anatoli Torkunov Forumun ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, burada müzakirə olunan məsələlər olduqca mühümdür. Multikulturalizm bütün dünyada insanların bərabər birgəyaşayışını təmin etdiyini vurğulayan akademik ölkəsinin multikultural dəyərlərindən söz açıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması Azərbaycanın tolerant ölkə olduğunu və bu ənənənin tarixi səciyyə daşıdığını bir daha göstərdi. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və yaşadan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması Uca Yaradana xoş gedən məqamlardandır. Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramı dövlət səviyyəsində nümayiş etdirən nümunəvi məkan kimi tanınır. Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Ölkəmizdə din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Bu gün dünyada qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilən Azərbaycanda müxtəlif xalqların nümayəndələri birlikdə mehribanlıq şəraitində yaşayırlar.

ABŞ Administrasiyasının - Ağ Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott ölkəmizdə multikulturalizmə verdiyi töhfəni yüksək qiymətləndirib. Bildirib ki, bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi olduqca təqdirəlayiqdir. ABŞ dövləti də bu məsələlərə xüsusi önəm verir. Qonaq təmsil etdiyi qurumun fəaliyyətindən, reallaşdırdığı layihələrdən söz açıb. Bildirib ki, biz insanların birgəyaşayışı və firavanlığı üçün çalışmalıyıq.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka diqqətə çatdırıb ki, müasir dünyada mövcud ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.

Çıxışlardan sonra tədbir “Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin əsası kimi”, “Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çoxəsrlik tolerant mövcudluğunun nəticəsi kimi” və “Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu” mövzularında bölmə iclasları ilə davam edib.