Xəbərlər
Bakıda “Regional münaqişələr və gənclərin sülhyaratma təşəbbüsləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
“Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyinin (DTGB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə iyulun 11-də Bakıda “Regional münaqişələr və gənclərin sülhyaratma təşəbbüsləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirə Türkiyə, Rusiya, Qazaxıstan, İraq, İran, Ukrayna, Gürcüstan, İsrail, Moldova, Rumıniya və digər ölkələrdən müxtəlif sahələri təmsil edən gənclər qatılmışlar.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli tədbirdə çıxış edərək türkdilli ölkələr və xalqlar arasında qurulan əməkdaşlıq platformasından danışmışdır. Türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edən Ə.Həbibbəyli bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Dünyada baş verən münaqişələrin ağır nəticələrinin statistikasını diqqətə çatdıran sektor müdiri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin də üzərinə vəzifələr düşdüyünü bildirmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev son dövrlərdə ölkəmizdə bu mövzuda müxtəlif tədbirlərin keçirildiyini qeyd etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Rzayev bu problem nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlar arasında gənclərin daha çox əziyyət çəkdiyini vurğulamışdır.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov sülhtyaratma təşəbbüslərində yerli və xarici ölkələrdən olan gənclərin yaxından iştirakının vacibliyini vurğulamışdır.
Sonra konfransda regionda baş verən münaqişələrin ictimaiyyətə, xüsusilə də gənclərə təsiri və onların bu problemlərin həllində rolu
məsələləri ətrafında müzakirələr aparılmışdır.