YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Bu ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz təşkil edib

Bu ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil edib. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Nazir bildirib ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatıb. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilərək, xərcləri isə 8,7 milyard manat olub: “Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilib, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla, ümumi daxilolmalarda payı 56,9 faizə çatıb. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilərək, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb”. Onun sözlərinə görə, ilk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artıb. 

“Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Belə ki, “Fitch”, “Standard and Poors” və “Moodys” reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəldib, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi verib”.

Nazir qeyd edib ki, sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılaraq, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub. Hazırda isə 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

“Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir. Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür”.

Ş.Mustafayevin sözlərinə görə, maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilib və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır: “İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur”.