Xəbərlər
Elman Abdullayev: Diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi çox əhəmiyyətli nəticələrlə yadda qaldı
«Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi çox əhəmiyyətli nəticələrlə yadda qaldı. Müşavirədə Azərbaycan Prezidenti çox önəmli məqamlara toxundu, diplomatlara tövsiyə və tapşırıqlarını verdi»”. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
E.Abdullayev bildirib ki, Azərbaycanın dünyada təbliği və ölkə həqiqətlərinin dünya ictmaiyyətinə çatdırılmasının daha da genişləndirilməsinə dair diplomatik xidmət orqanları rəhbərlərinə tapşırıqlar verildi. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ikili standartların aradan qaldırılması yönündə fəaliyyət də diqqət mərkəzindədir.
«Diplomatik xidmət orqanları rəhbərləri də bu müşavirədən çox ciddi şəkildə yararlanırlar. Həmin müşavirədə müxtəlif dövlət qurumlarının rəhbərləri, nazirlər kabinetinin üzvləri diplomatlarımız qarşısında çıxış etdilər. Onlar diplomatlarımızı maraqlandıran sualları cavablandırdılar. Burada istər təhlükəsizlik məsələləri, istərsə də Azərbaycanın mədəniyyəti, turizmi, iqtisadiyyatı, beynəlxalq iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və bir sıra digər sahələrin təbliğatı baxımından müxtəlif məruzələr oldu. Bu gün erməni yalanlarının, lobbisinin və ermənipərəst qüvvələrin ifşası istiqamətində atılan ən önəmli addımlardan biri dünyada Xocalı soyqırımının qəbul edilməsidir. Bildiyiniz kimi, bu günədək artıq 10 ölkə və ABŞ-ın 13 ştatı Xocalı soyqırımının qəbul olunmasına dair müxtəlif qətnamə və qərarlar qəbul edib. Təbii ki, bütün bunlar Azərbaycan diplomatiyası üçün olduqca böyük qələbədir»- deyə, E.Abdullayev qeyd edib.