Xəbərlər
Azərbaycan Prezidenti: Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Burada bu rəqəm səsləndi – 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir. Biz bu templəri saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək.
İnflyasiya qeyd etdiyim kimi, çox aşağı səviyyədədir. Çalışmalıyıq ki, aşağı səviyyədə də qalsın. Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı ilə bağlı verilmiş sərəncamlar və hazırda aparılan işlər, islahatlar bu sahədə daha sürətli inkişafa səbəb olacaqdır. “İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Biz bildiyiniz kimi, əgər belə demək mümkünsə, kiçik bir layihədən, birinci layihədən - 5 min hektar layihəsindən başlamışıq. Orada görünür ki, məhsuldarlıq nə qədər yüksəlir. Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir. Yəni, yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir. Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər də böyük olmayan təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır. Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.