Xəbərlər
Sevinc Fətəliyeva: Seçicilər Referendum Aktına bütövlükdə müsbət münasibətlərini ifadə edirlər
«Seçicilərlə görüşlərdə biz tez-tez Konstitusiyaya təklif olunan dəyişikliklərlə də bağlı müzakirələr aparırıq. Ölkə vətəndaşları Əsas Qanunumuza təklif olunan dəyişikliklərə böyük maraq göstərirlər». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, «Yeni Azərbaycan» referendum üzrə səlahiyyətli nümayəndəsi Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, seçicilər Referendum Aktına bütövlükdə müsbət münasibətlərini ifadə edirlər. Onun sözlərinə görə, təklif olunan dəyişikliklərə və əlavələrə cəmiyyətin belə yüksək münasibət sərgiləməsi heç də təsadüfi deyil.
«İnsanların böyük marağı və dəstək ifadə etmələri onunla bağlıdır ki, təklif olunan dəyişikliklər son nəticədə ölkəmizin inkişafına, insanların hüquq və azadlıqlarının daha dolğun şəkildə təmin olunmasına, respublikamızda icra strukturunun təkmilləşdirilməsinə hədəflənib. Qeyd olunan bu və ya digər məsələlər ölkəmizin və bütün vətəndaşların ümumi mənafeyinə xidmət etiyinə görə insanlar da bəhs olunan dəyişikliklərin və əlavələrin Konstitusiyamızda təsbit olunmasını arzulayırlar. Mən seçicilərimin yüksək əhval-ruhiyyəsinə istinad edərək əminliyimi bildirirəm ki, Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar keçiriləcək Referendum ölkə vətəndaşlarının yüksək fəallığı şəraitində baş tutacaq»- deyə, S.Fətəliyeva vurğulayıb.