YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendumla əlaqədar Ağdam rayonunun Quzanlı qəsəbəsində seçicilərlə görüş keçirilib

Ağdam rayonunun Quzanlı qəsəbəsində seçicilərlə görüş keçirilib. YAP Ağdam rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Zülfü Qasımov 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı  seçicilərə ətraflı məlumat verib.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkədəki ictimai-siyasi sabitlikdən danışıb. Bildirib ki, referendumun keçirilməsində məqsəd Azərbaycan xalqının rifah halının daha da yüksəldilməsi, ölkəmizin dünyaya daha da sürətli inteqrasiyasını təmin etməkdir: “Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi Azərbaycanın iqtisadi inkişafına yönələn proseslərin çevik istiqamət üzrə daha da sürətlənməsini təmin edəcək. Referendum Aktı idarəçilikdə  yeni islahatlara təkan verməklə yanaşı, müasir dövrün çağırışlarının həllini də təmin edəcək.  Azərbaycanın  özünəməxsus inkişaf yolunun dayanıqlılığının təminatı üçün nəzərdə tutulan bu dəyişikliklər gələcək inkişafımızın hədəfləridir”.

MM-in deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə bildirib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: “Hər birimiz görürük ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişaf, tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır. Hazırda belə bir zərurət dövrünü yaşayırıq. 2002 və 2009-cu illərdə də Konstitusiyamıza müəyyən əlavə və dəyişikliklər edilib. Məhz bu referendumlardan sonra inkişafın yeni mərhələsi başlanıb. Azərbaycan dünyada özünü xeyli dərəcədə tanıda bilib, ölkəmizdə artıq müxtəlif mötəbər beynəlxalq miqyaslı tədbirlər keçirilir. Bunların davamlı olması olması üçün siz seçicilər 26 sentyabrda seçki məntəqələrinə gələrək əlavə və dəyişikliklərə “hə” deməlisiniz. İnkişafın yolu dəyişməkdən, dəyişməyin hüquqi bazası isə ümumxalq səsverməsindən keçir. Dahi lider Heydər Əliyev hər zaman xalqına arxalanıb, xalq isə Ulu Öndərə dəstək olub. İnanıram ki, Ağdam seçiciləri ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncanı ilə Konstitusiya Məhkəməsinə göndərilərək müsbət rəy alan Referendum Aktı layihəsinə “hə” deyəcəklər”.

Quzanlı bələdiyyəsinin sədri Mehdi Məmmədov isə seçiciləri 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda əlavə və dəyişikliklərə səs verməyə çağırıb.