Xəbərlər
"Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndələrinin növbəti görüşü Qubanın Rustov kəndində keçirilib
Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixində təyin edilmiş referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndələrinin növbəti görüşlərindən biri də Qubanın Rustov kəndində baş tutub.
Tədbirdə çıxış edən YAP-ın Quba rayon təşkilatının sədri Yusif Abidov Referendumla bağlı geniş söz açıb, ölkənin inkişafı və abadlıq quruculuq işlərindən danışıb.
Daha sonra "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək qubalılara referendumqabağı təşviqat kampaniyasında aktiv iştirak etdikləri üçün öz təşəkkürünü bildirib, Rustov sakinləri ilə geniş söhbətlər aparıb: "Azərbaycanın indiki səviyyəyə gəlib çatmasında Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri var. Dahi siyasətçinin bizə miras qoyduğu Müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atır. Dövlətimizin iqtisadi imkanları artdıqca cəmiyyət də inkişaf edir. Ona görə də Konstitusiyamızda dəyişikliklərin baş verməsi təəccüblə qarşılanmamalıdır. Tam əminliklə bildirmək istəyirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, Quba rayonunda da seçicilər referendum günü məntəqələrə gedib, seçimlərini edəcək, dəyişiklik və əlavələrə "HƏ" deyəcəklər".
Çıxışını davam etdirən B.Quliyev seçiciləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinində (referendum) fəal iştirak etməyə çağırıb.
Daha sonra seçicilər qarşısında çıxış edən Müəllimlər İnstitutunun direktoru Əli Allahverdiyev bildirib ki, Konstitusiyada ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi günün reallığıdır və bu dəyişikliklər xalqımızın rifah halının daha da inkişafına xidmət edəcək.