YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Nərimanov rayon şöbəsi seçicilərlə görüş keçirib

Sentyabrın 6-da  “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Nərimanov rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon  təşkilatının sədri Təmraz Tağıyev  referendum aktı haqqında məlumat verib. T.Tağıyev bildirib ki, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Nərimanov rayon şöbəsi ümumxalq səsverməsi ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. T.Tağıyev bu məsələ ilə əlaqədar təşkilatın fəallarının əhali ilə aktiv iş apardığını, rayon sakinlərinə təşviqat materallarının paylanıldığını diqqətə çatdırıb. Onun fikrincə, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək.

Çıxış edən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ilk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə- siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. İnkişafın  özü ilə yeni şərtlər diqtə etdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, bu inkişafla ayaqlaşmaq üçün, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması üçün, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: «Dünyada hər bir ölkənin, beynəlxalq təşkilatların hədəfləri var. Bu baxımdan,  Azərbaycan  öz milli məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. Məhz bu milli hədəflərə çatmaq üçün Konstitusiyaya bu dəyişikliklər təklif olunur».

Görüşdə Nərimanov  rayonu Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxış edərək Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, Nərimanov seçicilərini fəal olmağa və sentyabrın 26-da referendum aktına səs verməyə çağırıb.

YAP fəalı Əli Məmmədov da çıxış edərək bildirib ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır: «Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Konstitusiyaya təklif edilən  dəyişikliklər də ölkəmizin daha da inkişafına şərait yaradacaq».

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və Referendum aktına səs verəcəklərini vurğulayıblar.