Xəbərlər
Musa Quliyev: Yeni format humanitar əlaqələrin inkişafına da pozitiv təsirini göstərəcək
«Azərbaycan, İran və Rusiyanın formalaşdırdığı üçtərəfli format regionun nəqliyyat-tranzit imkanlarından istifadə olunması baxımından da müstəsna əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, üçtərəfli format nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinə əhəmiyyətli təsir göstərəcək. Onun sözlərinə görə, Prezident İlham Əliyev bəhs olunan layihənin strateji əhəmiyyətini dəfələrlə vurğulayıb.
«Bütün bunlarla yanaşı yeni format həm də humanitar əlaqələrin inkişafına pozitiv təsirini göstərəcək, xalqlar arasında mədəni əlaqələrin inkişafına, multikulturalizmin təşviqinə yeni imkanlar açacaq. Bir sözlə, görünən odur ki, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuz qazanmış Azərbaycan regionda sabitləşdirici rol oynayır, mühüm transmilli iqtisadi layihələrin, yeni siyasi formatların təşəbbüskarı kimi regional əməkdaşlığın inkişafına, sülhə və təhlükəsizliyə ciddi töhfə verir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və prinsipial siyasətin uğurunu açıq şəkildə nümayiş etdirir»- deyə, M.Quliyev vurğulayıb.