YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Hindistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sucata Mehtanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sonra iki ölkə arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan və Hindistan arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası müştərək komissiya və XİN-lərarası siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsi və bu layihələrin regionlararası əməkdaşlığa töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Səfər əsnasında Azərbaycan və Hindistan arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Hindistanı isə xarici işlər nazirinin müavini Sucata Mehta təmsil ediblər.

Xələf Xələfov Azərbaycan ilə Hindistan arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib. O, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni-təhsil, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Parlament diplomatiyasının inkişafının əhəmiyyətinə toxunan X.Xələfov hər iki ölkənin parlamentariləri arasında təmasların artırılmasının vacibliyini qeyd edib.

Nazir müavini nəqliyyat və energetika sahələrində əməkdaşlıq haqqında danışaraq, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın rolunu qeyd edib. O, Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. X.Xələfov həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsi barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan nazir müavini sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkün olduğunu bildirib.

Xanım Sucata Mehta Hindistanın Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, siyasi dialoqun davamlı olmasında ölkəsinin də maraqlı olduğunu nəzərə çatdırıb. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Xüsusilə kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə İnformasiya Texnologiyaları Mərkəzinin yaradılmasının mümkünlüyünü bildirib. Nazir müavini, həmçinin alternativ enerji və əczaçılıq kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Xanım diplomat ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını söyləyib.

Sucata Mehta Hindistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam şəkildə dəstəklədiyini ifadə edərək, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dinc yolla həllinə tərəfdar olduğunu bildirib. O, Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələrin Hindistan tərəfindən yüksək qiymətləndirildiyini xüsusilə qeyd edib.