YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Şirəliyev: Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə göstəricilər yaxşılaşır

Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu 17 iyun - tibb işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev deyib. /Trend/

O.Şirəliyev bildirib ki, ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük yer ayrılır: “Dövlət başçısı cənab İlham Əliyev fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasını ölkənin prioritet vəzifəsi kimi müəyyən etdi. Bir neçə il əvvəl tibb müəssisələrində müayinə və müalicə üçün vacib olan avadanlıqlar yox vəziyyətində idi. Bakı şəhərinin ən iri klinikalarında yalnız süni tənəffüs avadanlıqları vardı. Lakin son bir neçə ildə 600-ə yaxın tibb müəssisəsi tikilib, təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilib”.

Nazir təcili və təxirəsalınmaz tibbi yardımın işinin nəinki paytaxt Bakıda, eləcə də regionlarda da yüksək səviyyədə qurulduğunu vurğulayıb. O əlavə edib ki, qəbul olunmuş və uğurla həyata keçirilən dövlət proqramları bu gün insanların sağlamlığında mühüm yerlərdən birini tutur:

“Hazırda 11 Dövlət proqramı mövcuddur. Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. İrsi qan xəstəliklərinin profilaktikası baxımından böyük əhəmiyyət kəsb edən nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və talassemiyaya görə müayinə edilirlər. Bu tədbir həm adıçəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir”.

O.Şirəliyev vurğulayıb ki, ana və uşaq sağlamlığı ilə bağlı diridoğulmanın yeni meyarlarına keçilib:"Beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olan bu meyarlar müasir dövrün tələbidir. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq”.

Səhiyyə naziri daha sonra dünyada problem olan şəkərli diabetdən əziyyət çəkən insanlara dövlət hesabına özünənəzarət aparatlarının, pompaların, həyati əhəmiyyətli dərmanların dövlət hesabına paylanmasından, habelə böyrək çatışmazlığından əziyyət çəkən insanların hətta bölgələrdə həftədə 3 dəfə dializ almaları üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, hazırda 26-sı bölgələrdə olmaqla 36 Dializ Mərkəzi fəaliyyət göstərir.