Xəbərlər
Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin beynəlxalq elmi konfransı keçirilib
İyunun 11-i, 2016-cı ildə Oksford Universitetinin ən qədim kolleclərindən biri, "Brasenose" kollecində (https://www.bnc.ox.ac.uk), Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirildi. Konfransın mövzusu: Trans-Xəzər əlaqələri (V-XIII əsrlər) idi.
Konfransda Oksford Universitetin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Robert Hoyland, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, Oksford Univeristetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, professor Nərgiz Paşayeva, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin aparıcı professoru Edmund Hertsiq, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer, Rusiyanın Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində arxeologiya departmentinin rəhbəri, professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, doktor İrina Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (AEB) aparıcı arxeoloqu, "Brasenose" kollecinin üzvü, doktor Pol Vordsvors, Pensilvaniya univeristetinin arxeologiya üzrə aparıcı mütəxəssisi, aspirant Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə olunması təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne iştirak edirdilər. Beləliklə, tədbirdə Oksford Universitetinin alimləri ilə bərabər, Şotlandıyanın Sent Andryus Universitetindən, ABŞ-ın Harvard və Penisilvaniya Universitetlərindən həmçinin Rusiya Elmlər Akademiyasından gələn alimlər də çıxış edirdi.
Konfransın əvvəlində açılış nitqləri ilə çıxış edən, Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru Robert Hoyland və Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü professor Nərgiz Paşayeva, Nizami Gəncəvi Mərkəzinin artıq iki ilə yaxın fəaliyyət göstərdiyini qeyd etdilər. Professor Hoyland Mərkəzin yaradılmasında özünün və həmkarı Nərgiz Paşayevanın xüsusi elmi marağını qeyd edərək, Mərkəzin ümumi akademik dəyərinə, əhəmiyyətinə və elmi uğuruna inandığını qeyd etdi. Prof R.Hoyland bildirdi: "Əminəm ki, bu konfrans və elmi araşdırmalar elm dünyasında maraqla qarşılanacaq və növbəti daha geniş tədqiqatlar üçün qapı olacaqdır". Daha sonra o, dünyanın müxtəlif ölkələrindən konfrasda iştirak etməyə Oksford Universitetinə gələn bütün alimlərə öz minnətdarlığını bildirdi və konfrasın işinə uğurlar arzuladı.
Öz növbəsində professor N.Paşayeva dünyanın ən nüfüzlu təhsil ocaqlarından sayılan Oksford Universitetində belə bir konfransın keçirilməsindən böyük məmnunluğunu ifadə etdi. O dedi: "Konfransda iştirak edən dəyərli alimlərə öz ehtiramımı bildirmək istərdim. Professor Hoylandın dediyi kimi, artıq iki ilə qədər biz rəsmi əməkdaşlıq edirik. Bizim gözləntilərimiz, planlarımız və ümidlərimiz çox böyükdür və biz Nizami Gəncəvi Mərkəzinin bu 5 illik elmi-tədris proqramını birdəfəlik təşəbbüs və keçici mərhələ kimi nəzərdə tutmamışıq və tutmuruq. Həqiqət ondan ibarətdir ki, bir çox elmi-nəzəri məsələlər, problemlər uzaq keçmişdən bu günə qədər öz həllini gözləyirlər. Qeyd etmək lazımdır ki, Sovet dövründə elmi metodologiya təhrif olunmuş bir sistem kimi fəaliyyət göstərirdi. Bir çox hallarda tarixi faktlar dəyişilmiş, həqiqi elmi mülahizələr isə vulqar, sosioloji təmayüllərə məruz qalırdı. Məsəl üçün Azərbaycan tarixi haqqında kitablar və dərsliklər yenidən işlənib hazırlanmalıdır. Bu gün bölgəyə (Qafqaz) dünya elmi konteksində böyük bir maraq var. Xəzər ətrafı ərazilər həmişə bir çox xalqlar və müxtəlif etnik qruplar ilə zəngin olub. II-III əsrlərdə bir-birindən uzaqda olan iki böyük İmperiya arasında, Roma və Çin İmperiyaları arasında bir bağlantı yarandı. Bu bağlantıya səbəb bir əşya, bir amil - ipək oldu. Məhz bu ticarət ilə bağlı olan amil demək olar ki, bütün dünyanı birləşdirdi, yolları acdı, məlumatlar sıxlaşdı və Qafqaz xalqları daxil olmaqla regionun bir çox xalqları bu prosesə qatıldılar. Məlumdur ki, etnogenez məsələsi tarixin ən müşkül məsələlərindən biridir. Alimlər qeyd edir ki, bir xalqın yaranması üçün inkubasiya dövrü 500 il davam edə bilər. Beləliklə suallar az deyil, öyrənilməmiş məqamlar da çoxdur. Mən çox şadam ki, biz professor Hoylandın rəhbərliyi altında Bərdədə arxeoloji qazıntılar apararaq, arxeoloqların, antropoloqların, tarixçilərin, şərqşünasların, ədəbiyyatçıların, dilçi alimlərin müştərək köməkliyi və əməyi ilə bu boşluğları doldura bilərik. Oksford kimi məşhur elm ocağında bu əhəmiyyətli işin görülməsinin xüsusi dəyəri, çəkisi var. Özüm haqqında bircə onu deyə bilərəm ki, 34 ildir ki mən universitetdə çalışıram və üç böyük universitet - Bakı Dövlət, Moskva Dövlət və son üç ildə isə möhtəşəm Oksford universiteti mənim həyatımın böyük, mühüm bir parçası olub. Əsas odur ki, bizim apardığımız elmi araşdırmaların müsbət, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş bir nəticəsi olsun və gələcəkdəki tələbələrimiz araşdırmalardakı boşluqları doldurmaq üçün obyektiv - Oksford universitetinin malik olduğu baxışa sahib olsunlar". N.Paşayeva çıxışının sonunda, bu yoldan keçən, həyatdan köçmüş alimlərin ruhuna ehtiram ifadə edib, həyatını elmə sərf edən bütün insanların qarşısında baş əydiyini bildirərək konfransın işinə uğurlar arzuladı.
Konfransda çıxış edən Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer "Yerli şəraitə uyğunluq: Sasani imperiyasının şimal sərhəddinin İberiyaya qədər müdafiəsi" mövzusunda çıxış etdi. Son illər ərzində İranda və Gürcüstanda həmkarları ilə birlikdə apardığı arxeoloji qazıntılar nəticəsində professor Zaurerin gəldiyi nəticə budur ki, Sasani imperiyası IV-V əsrlər arasında romalıların yaratdığı müdafiə sistemindən daha güclü bir sistem yaratmış və bu sistem yerli şəraitə uyğunlaşmaqla bərabər yaratdığı irraqasiya sistemlərinin koməkliyi ilə urbanizasiya və əhali artımına səbəb olmuşdur. İnteraktiv prezentasiya ilə edilən çıxışda, professor Zauer irəli sürdüyü düşüncələri, iranlı və gürcü həmkarları ilə birlikdə gəldiyi qənaətləri Gürcüstandakı Dariali keçidində və İrandakı Gürqan divarı boyu aparılan arxeoloji qazıntılardan nəticələri əsasında aşkara çıxmış sübütlarla əsaslandırdı. Professor Zauer Sasani imperiyasının böyük ambisiyalarının bütün Trans-Xəzər ərazilərinə təsir etdiyini qeyd etdi və gələcəkdə davam etdiriləcək arxeoloji qazıntıların bu istiqamətdə daha çox elmi sübütlar təqdim edəcəyinə inandığını söylədi.
Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, "Qafqaz - müxtəlif mədəniyyətlərin kəsişməsində" mövzusunu təqdim edərək, kimmerlərin, skiflərin, sarmatların və alanların Qafqaz dağları ərazilərindəki təsirindən danışdı. Professor Dode xüsusi olaraq Sovet dövründə mövcud olan ideoloji təzyiqlər nəticəsində Çindən Bizansa qədər ərazini əhatə edən çoğrafi məkanın öyrənilməsində mühüm olan türk komponentinin bilərəkdən çıxarılmasını qeyd etdi və bundan sonra tədqiqatların yeni istiqamətdə aparılmasının və tarixi ədalətin bərpasının vacibliyini bildirdi.
Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində arxeologiya departmentinin rəhbəri, professor Murtazəli Hacıyev, "Dərbənd şəhəri İslam mərkəzi kimi: Müsəlmanların ibadət yerlərinin tapılması və öyrənilməsi (VII-XIII)" mövzusunda danışdı. Professor Hacıyev Dərbəndin (Bab əl-Əbvab) bir çox əsrlər boyu xususilə Səlcuqların dövründə hərbi-siyasi, ticarət, dini, ideoloji mərkəz kimi fəaliyyət göstərməsi və bu dövr ərzində sənaye şəhəri kimi tanıdıldığını qeyd etdi. 2014-cü ildə arxeoloji qazıntılar zamanı Dərbənddə su təchizatı sisteminə bağlı olan müsəlman ibadət yeri aşkar edilmişdi. X-XIII əsrlərə aid edilən bu ibadət yeri su təchizatı ərazisində olduğu üçün dini ibadətdən öncə dəstəmaz və qüsl alınmasına imkan verirdi. Ibadət yerinin arxeoloji qazıntılar zamanı tapılan qəbirlərini və ərəb dilində yazılarını interaktiv prezentasiya ilə iştirakçılara təqdim edən professor Haciyevin bu yerin Dərbənddə X-XIII əsrlərdə dini mərkəz kimi fəaliyyət göstərdiyini bildirdi.
Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, "Sasani dövlətinin və erkən İslam dövrünə aid Muğan çölünün (İran Azərbaycanı) yaşayış məntəqələrinin əlaqələri və kollapsı" barədə iştirakçılara elmi məruzəsini təqdim etdi. Doktor Əlizadə Sasani imperiyasının Muğan düzündə suvarma sistemi və urbanizasiya məqsədləri haqda danışaraq qeyd etdi ki, elmi sübutlara əsasən demək olar ki, artıq eramızın VII əsrindən etibarən Sasani imperiyasının yaşayış qəsəbələri və suvarma sistemi istifadədən çıxmışdı. Doktor Əlizadə öz çıxışında Muğan düzündə apardığı arxeoloji qazıntılar nəticəsində aşkara çıxmış bu sübutlara əsasən Sasani imperiyasının məhz bu suvarma və yaşayış qəsəbə sisteminin fəaliyyətinin dayandırılması nəticəsində süquta uğramasına dair fərziyyə irəli sürdü.
Pensilvaniya Univeristetinin arxeologiya üzrə aparıcı mütəxəssisi, aspirant Lara Fabian "Şimali və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi: Xəzər dənizi sahillərində 'Sarmatlar məsələsi"nə dair məruzə ilə çıxış edərək sarmatların və alanların Böyük Qafqaz dağlarındakı rolunu müzakirə etdi. Sarmatların və alanların etnik mənsubiyyəti, hansı dövrdən tarix səhnəsinə çıxması kimi suallarla çıxışını başlayan Lara Fabian, Yunan və Latın mənbələrini və Sovet dövründə ərazidə aparılan arxeoloji qazıntıları qeyd edərək bu günədək sarmatların və alanların kimliyinin və bu ərazilərdə nə məqsədlə yaşadığını elmin hələ də dəqiq ortalığa çıxarmadığını qeyd etdi. O bildirdi ki, apardığı araşdırmalar nəticəsində Simali Qafqazla bağlı müxtəlif etnik qrupların Cənubi Qafqaz ərazisindəki iştirakı (son Sarmat dövründə) çox güclü idi.
Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper "Sasani sərhədlərində rabitə əlaqələri: İranın şimal-şərqində Kürgan düzənliyində keçid yolları" adlı elmi məruzə ilə çıxış etdi. Bildirdi ki, son illərdə Sasani imperiyası dövründə aid bir çox xəritələri və qədim mənbələr ilə aparılan işi maraq doğurur. O, Kürgan düzənliyi ərazisində və onun ətrafında olan yolların qədim mənbələrdə qeyd olunduğunu qeyd edərək müasir dövrdə peykdən görüntülər əsasında yaradılan xəritələrin bu indiyədək və ya digər aşkar edilməmiş qədim keçid yollarının aşkara çıxarılmasının vacibliyindən danışdı. 2007-2008-ci illərdə Rekavandinin və 2013-cü ildə Vilkinson və başqa alimlərin yazdıqları Gürqan divarı layihəsi kitabında qədim mənbələrdəki keçid yolları haqqında məlumatlar arxeoloji qazıntılar və peykdən çəkilən görüntülərlə müqayisə edilmiş və Sasani dövrü ərzindəki keçid yolları haqda daha dəqiq məlumatların əldə etmək imkanını müzakirə etdiklərini bildirdi.
Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, doktor İrina Şinqiray, "Xəzər 'ehtirasları': Məhərrəmlik qaydaları və erkən orta əsrlər Türk-Fars dünyasında köçəri əlaqələr" haqqında çıxış edərək Xəzər dənizi ətrafında (eramızın I minilliyinin ortaları) Türk-Fars köcəri qruplarının yas mərasimlərindən ən yüksək siyasi səviyyədən yerli icmalara qədər siyasi məqsədlər üçün istifadə etdiklərini qeyd etdi. Türk-Fars sərhədlərində Məhərrəmlik qaydalarından özünəməxsus istifadə edərək, köçəri tayfalar oturaq tayfalarla müntəzəm qaydada əlaqədə olmuş və bu qaydaların Xəzər bölgəsi ərazisində və kənarda yayılmasına təsir etmişlər. İslamın gəlişindən sonra bu yas mərasimləri Şiə İslamı kontekstində Kərbəla müsibətinə aid edilmişdi.
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin BAE-nın aparıcı arxeoloqu, "Brasenose" kollecinin üzvü, doktor Pol Vordsvors "Xəzəryanı sahillərdə (X-XIIəslər) Bərdə və əyalət şəhərləri" haqda danışdı. Bərdə şəhərində arxeoloji ekspedisiyanın baş arxeoloqu olan doktor Vordsvors yazılı mənbələr ilə qazıntıların ortalığı çıxardığı nəticələri müqayisə edərək qənaətə gəlmişdir ki, bu günədək tarix elminin Bərdənin şəhər kimi X əsrdən sonrakı süqutu və Gəncə şəhərinin çiçəklənməsi qənaəti həqiqətə uyğun deyil. Bərdə şəhərində aparılan arxeoloji qazıntıların nəticəsi olaraq elmə yeni olaraq məlum olmuşdur ki, XI əsrdə bu şəhər Xəzər dənizi boyu başqa şəhərlərlə birgə genişlənmiş və çiçəklənmişdir. Bundan əlavə, bu dövrdə, hər regiona məxsus malların paylanması və peşə növləri arasında oxşarlıqlar bu şəhərlərin, Bərdə daxil olmaqla, şəhər mərkəzləri və Trans-Xəzər regionu ilə sıx əlaqəli olduğu göstərilir.
Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə olunması təşkilatının aparıcı arxeoloqu, Çarlz de Kesne "Xəzər dənizinin şimal-şərq sahilinin arxeologiyası" mövzusunda çıxış etdi. Qeyd edək ki, Ətraf Mühitin İdarə olunması təşkilatı (http://www.erm.com) ətraf mühit və təhlükəsizliyin qorunması ilə bağlı şirkətlərə və təşkilatlara məsləhət verən ən aparıcı qurumlardandır. Cənab Kesne son illərdə Xəzər dənizinin şimal-şərqində, Qazax və beynəlxalq arxeoloqların apardığı qazıntılar zamanı bir çox qədim məskənlər tapıldığını qeyd etdi. Bu məskənlər Xəzər dənizində suyun səviyyəsinin qalxıb düşməsi ilə əlaqəli olub regionun mədəni və iqtisadi əlaqələrinə təsir etmişdir. Çarlz de Kesne, Ətraf Mühitin İdarə olunması təşkilatı tərəfindən yaradılan Xəzər dənizinin ətrafındakı ərazilərin xəritələrini təqdim edərək, bu sahələrdə ayrı-ayrı dövrlərə aid olan məskənlər və müxtəlif məqsədlərlə yaşamış insanlar haqda məlumat toplamaq üçün daha çox arxeoloji işə ehtiyac olduğunu qeyd etdi.
Konfransı yekunlaşdıran Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hertsiq ilk öncə konfransın mövzüsu olan, V-XIII əsrlərdə Trans-Xəzər aləqlərinin, bu günə qədər elmdə çox az araşdırıldığını qeyd etdi. İndiyədək bu sahədəki araşdırmaların professor Dodenin çıxışında göstərildiyi kimi yanlış istiqamətdə aparıldığını qeyd edən E.Hersiq bu mövzuda hələ çox şeyin öyrənilməli olduğunu dedi. Böyük çoğrafi məkanı və uzun dövrü əhatə edən çıxışlardan İrina Şingirayın köçəri tayfaların yas mərasimlərinin sonradan İslamın şiə təriqətinin ənənəsi çərçivəsində Məhərrəmlik və Aşuraya təsirini, aspirant Lara Fabianin çıxışında çoxsaylı yerli xalqların, və ondan fərqli olaraq professor Zauerin çıxışında sırf olaraq Sasanilərin müdafiə sisteminə həsr etdiyi məruzəni qeyd etdi və onların bir kontekstdə qarşılıqlı surətdə əlaqələnməsinin müzakirə olunmasına ehtiyac olduğunu bildirdi. O dedi: "Məsələn, Eberhardın çıxışında biz Sasanilərin güclü bir imperiya olduğunu, sərhədlərinin muəyyən olunmasında və düşmənə qarşı qorunmasında bildiklərimizi bir daha arxeoloji qazıntıların bizə verdiyi sübütlar əsasında görürük. Laranın çıxışında isə bəlli olur ki, tam fərqli olaraq bir çox xalqlar bir-birinə qarışıb və müəyyənlik yoxdur. Düşünürəm ki, biz bu iki aspekti hələ də birləşdirə bilməmişik."
Ətraf mühit və ətraf mühitin insanların torpaq istifadəsinə təsiri haqda da bir çox fikirlərin qeyd olunduğunu deyən professor Hersiq, Çarlz de Kesnenin çıxışını diqqət çəkərək və bu sahədə daha çox arxeoloji işə ehtiyac duyulduğunu bir daha vurğuladı. Harvard Universitetinin doktoru, Kərim Əlizadənin də çıxışını xatırladan professor E.Hersiq Sasanilərin dövründə suvarma sisteminin süquta uğraması haqdakı fərziyyələrin birbaşa olaraq ətraf mühitdə olan dəyişikliklərlə əlaqə olduğunu vurğuladı. Bu mövzuların xüsusilə ətraf mühitin tarixi hadisələrə təsirinin, adətən tarixçilər arasında müzakirə olunmadığını deyən E.Hersiq, bugünkü konfransda onların səslənməsinin vacibliyini vurğuladı.
Arxeologiyanın bu məsələlərdəki önəmli rolunu vurğulayan professor Hertsiq, bir tarixçi kimi söylədi ki, Sasanilərin yazılı tarixi mənbələri onların daha çox dini müzakirələrə maraq göstərdiyini, böyük imperiya ambisiyalarına malik olmadıqları təəssüratının yaradır. Lakin, Sasani dövrünə aid olan bütün arxeoloji qazıntılar bunun əksini, yəni Sasanilərin çox böyük ambisiyalara malik olduğunu və dünyada ən güclü ordu qurmaq istəyini göstərir. Bu isə, dünya elminin Sasanilər haqqında biliklərini köklü şəkildə dəyişir. Professor Hersiq o dövrdə yolların, çayların, suvarma sistemlərinin, dağarası keçidlərin, qalaların vasitəsilə rabitənin yaradıldığını qeyd etdi. Xəzər dənizindən isə gəmilərin bir əlaqələndirici keçid kimi istifadəsindən qədim mənbələrin az qeyd etdiyini söylədi. Bunun səbəbini bilmək üçün o, auditoriyadakı alimlərə müraciət etdi. İ. Şinqiray və professor Paşayeva bu suala cavab olaraq Xəzərin təhlükəli dəniz olmasını əsas gətirdilər və mənbələrdə onun haqqında az qeydlər olduğunu söylədilər. Professor Paşayeva Xəzərin dünyada üçüncü ən təhlükəli su hövzəsi olmasını artıq qəbul edilmiş fikri olduğunu və bu səbəbdən yazılı mənbələrin onun adının səyahət olunan dəniz kimi az hallandığnı xatırlatdı.
Sonda, Edmund Hersiq, Oksfordda Nizami Gəncəvi Mərkəzini yaradan iki professora, professor Nərgiz Paşayeva və professor Robert Hoylanda dərin minnətdarlığını bildirdi. Bildirdi ki, beş il öncə belə bir Mərkəzin məhz Oksfordda yaradılması inanılmaz bir hadisə kimi görünürdü. Bu gün isə artıq Oxford Universitetinin rəsmi hissəsinə çevrilmiş bu mərkəz beynəlxalq səviyyədə, Rusiyadan, ABŞ-dan, Azərbaycandan və Avropanın bir çox şəhərlərindən gələn alimlərin iştirakı ilə konfrans təşkil edir.
Səfər əsnasında konfransdan bir gün öncə iyunun 9-u, professor Nərgiz Paşayeva Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) baş arxeoloqu doktor Pol Vordsvors ilə birgə Oksford Universitetinin Aşmolean Muzeyində muzeyin Cəmil Mərkəzinin xüsusi konservasiya şöbəsinin rəhbəri Allessandra Kerreda ilə görüş keçirdi. Görüşün məqsədi, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyası (BAE) çərçivəsində IX-XIII əsrlərə aid olan və Azərbaycana yaxın ərazilərdə tapılan keramika nümunələr ilə tanış olmaq və onların Bərdədə hissə-hissə tapılan (şəkil) oxşar naxışlı keramika növləri ilə müqayisə etmək idi. Qeyd edək ki, 2011-ci ildə eksponatların konservasiyası üçün yaradılan bu şöbə Aşmolean Muzeyinin Yusif Cəmil Mərkəzinə aiddir. (Yousef Jameel Centre http://jameelcentre.ashmolean.org). Görüş zamanı Alessandra Kereda, doktor Vordsvors və professor Paşayevanı X-XII əsrə aid olan bir neçə keramika növünü və dahi şair Nizami Gəncəvinin "Yeddi Gözəl" və "Xosrov və Şirin" əsərlərinə aid iki miniatur ilə tanış etdi.
Professor N.Paşayevanın və doktor Vordsvorsun tanış olduğu ilk saxsı qab (şəkil: Kasa 1) XII əsrdə İranda tapılmış bir kasa idi. 1956-cı ildə qədim əşyaların həvəskar kolleksiyaçısı Ser Alen Barlou tərəfindən Aşmolean muzeyinə həddiyə edilmiş bu kasanın naxışları X əsrə aiddir və keçən il Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin arxeoloqlarının Bərdədə başladığı arxeoloji qazıntı zamanı aşkar etdiyi kasa hissələrinin (şəkil) naxışlarına uyğun olduğu qeyd edildi. Kasanın ortasında ərəb hərfləri qeyd olunsa da, alimlər bu hərflərin bir məna daşımadığını, sadəcə cızma ilə yaradılmış naxış üslubu olduğu müəyyən etmişdir.
İkinci kasa (şəkil: Kasa 2), X əsrdə Nişapur və Səmərqənd civarında tapılmış və 1976-cı ildə qədim əşyaların həvəskar kolleksiyaçısı Cerald Reitlinqer tərəfindən Muzeyə bağışlanıb. Bu kasa fərqli naxışları və hazırlanma qaydaları ilə birinci kasadan fərqlənir və Bərdədə tapılan kasaların bəzi naxışları ilə üst-üstə düşür. Bu kasaya da birinici kasada olduğu kimi hərflərlə naxışlar vurulsada hər hansı bir məna daşımadığı müəyyən edilmişdir.
XI əsrə aid olan üçüncü kasa (şəkil: Kasa 3), cızma naxış üslubundan fərqli olaraq, müxtəlif rənglərin daha çox abstrakt şəkildə istifadə olunması ilə fərqlənir. Bu kasa da 1956-cı ildə Cerald Reitlinqer tərəfindən Muzeyə hədiyyə edilmişdi.
Dördüncü (şəkil: Kasa 4) və beşinci (şəkil: Kasa 5) nümünələr kasa və kuzə XII və XIII ərslərə aid olub Rey və Kaşan məktəblərinə xas olan üslubları ilə seçilirdi. Bunlar da birinci kasa kimi Sir Alen Barlou tərəfindən 1956-cı ildə muzeyə hədiyyə edilib.
Nümunələr ilə yaxından tanış olan professor Paşayeva onların konservasiya ilə bağlı maraqlandı və Alessandra Kereda tərəfindən ona bildirildi ki, Aşmolean Muzeyinə bağışlanan hər bir hədiyyə nümunələrin yoxlanması departamentində yenidən yoxlama prosesindən keçirilir və xüsusi hava şəraiti olan otaqlarda saxlanılır. Nümunələr vaxtaşırı təmizlənərək xüsusi diqqət və qayğı ilə qorunur. Öz növbəsində, Muzeydə təqdim olunan keramika materiallarının nümunələri əsasında doktor Vordsvors professor Paşayevaya Bərdədə tapılıb və hal-hazırda Bərdə muzeyində saxlanılan bəzi keramika parçaları haqda məlumat verdi, onların elmi və laborator analizləri haqda danışaraq gələcəkdə saxlanılması və konservasiyası haqda fikirlərini bildirdi. Azərbaycan alimlərinin Aləm Nuriyev, İlyas Babayev, Hidayət Cəfərov və başqalarının bu günə qədərki Bərdə ekspedisiyasının əhəmiyyətindən də bəhs edildi. İlk dəfə olaraq Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə arxeloji layihəsi çərçivəsində Bərdə şəhərindən tapılan maddi mədəniyyət nümunələri müasir dünya standartlarına uyğun qaydada konservasiya olunraq saxlanılacaqdır.
Keramika nümunələrindən fərqlənən və XV-XVI əsrlərdə Şiraz rəsm məktəbinin hazırladığı dahi şair Nizami Gəncəvinin "Yeddi Gözəl" və "Xosrov və Şirin" əsərlərindən miniatürlər də qonaqlara təqdim edildi. Birinci miniatürdə şah Bəhram Gur slavyan şahzadəsinin yanına gələn an təsvir edilir. İkinci miniatür isə Xosrovun Şirinin sarayına gəlib onu görmək arzusunu ifadə edir.
Miniatürlərda eşq, ehtiras, ülvi hisslər, qorxu, təvazökarlıq və s. hisslər Şiraz məktəbinin gözəl əl işində özünü biruzə verir. ABŞ-da Los Ancelesdə şəhərindəki Kaliforniya Universitetində (UCLA) Nizami Gəncəvinin müasir dünya poeziyası ilə müqayisəsini öyrənən və Oksford Universitetinin Şərqşünaslıq fakültəsində İran dili üzrə mütəxəssis kimi fəaliyyət göstərən aspirant Səhba Şəyani miniatürlar barədə professor N.Paşayevaya ətraflı məlumat verdi və mövzu üzrə fikir mübadiləsi aparıldı.
Sonda professor N.Paşayeva və doktor Vordsvors Oksford Universitetinin Aşmolean muzeyinin işçiləri ilə gələcəkdə Bərdədə tapılan eksponatların tarixlərinin dəqiqləşdirilməsi, düzgün saxlanılması və konservasiyası sahəsində birgə əməkdaşlıq planlarını müzakirə etdilər. Bununla da elmi-işguzar səfər başa çatdı.