Xəbərlər
Mahmud Höccəti: İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı xüsusi önəm daşıyır
Mayın 16-da Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan və İran arasında kənd təsərrüfatı sahəsinin müxtəlif sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə görüşdə Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanın İranla ənənəvi olaraq iqtisadi, siyasi, humanitar və digər sahələrdə geniş əlaqələrə malik olduğunu vurğulayıb, bu əlaqələrin daha da genişləndirməyin vacibliyini qeyd edib.
H.Əsədov nəzərə çatdırıb ki, İran, həmçinin aqrar sektorun inkişafı istiqamətində də böyük təcrübə toplayıb və ölkə əhalinin ərzaq məhsulları ilə tələbatını tam olaraq ödəyir. Bu baxımdan Azərbaycanın bu sahədə qonşu ölkə ilə təcrübə mübadiləsi və aqrar sektorda işlərin təşkili ilə əlaqədar müzakirələr aparmaq zəruridir.
İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti deyib ki, Azərbaycan Cənubi Qafqazda çox önəmli bir dövlət olduğundan, eləcə də əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq, İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı xüsusi önəm daşıyır.
Nazir qeyd edib ki, Azərbaycanla artıq baytarlıq sahəsində sənəd imzalanıb, digər sahələrdə də müvafiq sənədlər imzalanacaq.
Onun sözlərinə görə, əkinçilik İranın kənd təsərrüfatının əsas sahələrindən biridir. Hazırda İran zəfəran kimi kənd təsərrüfatı bitkisinin iri istehsalçı ölkələri sırasında aparıcı yer tutur. Ümumilikdə əkin sahələri İran ərazisinin 10,5 faizini təşkil edir. Kənd təsərrüfatının digər əhəmiyyətli sahəsi isə heyvandarlıqdır. Heyvandarlıq ölkənin kənd təsərrüfatı məhsullarının 37 faizi həcmindədir.
Ölkədə suvarma ənənəvi (yeraltı kanallar, kəhrizlər) və müasir irriqasiya metodları ilə aparılır. Ötən il 2 milyon hektardan çox ərazidə yeni suvarma sistemləri tətbiq edilib. Buraya daha 4 milyon hektar torpaq sahəsinin əlavə edilməsi nəzərə tutulub.
Nəzərə çatdırılıb ki, İranda sahələrin suvarılması istiqamətində müəyyən su çatışmazlığı olduğundan sudan səmərəli istifadə edilir. Belə ki, fermer və kəndlilər tərəvəz, göyərti və toxumları əsasən istixanalarda yetişdirirlər.
M.Höccəti deyib ki, İran Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı müştərək müəssisələr yaratmaq niyyətindədir. Onun fikrincə, ölkələr arasında belə səmərəli əməkdaşlıq müsbət nəticələr verəcək. İran Rusiya, Qazaxıstan və Braziliyada bu sahədə artıq əməkdaşlıq əlaqələri qurub.