Xəbərlər
Siyavuş Novruzov: Bu cür şəraitdə zaman Azərbaycanın xeyrinə işləyir
"Ötən aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını qətiyyətlə aldıqdan sonra Azərbaycanda çox böyük əhvali-ruhiyyə yarandı". Bunu Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Prezident İlham Əliyevin mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir: "Azərbaycan Ordusu silah-sursat təchizatı baxımından postsovet ölkələri arasında öndədir. Azərbaycan həm müasir texnika və silahlara malikdir, həm də öz istehsalı ilə ordusunu müxtəlif silahlarla təmin edir".
Millət vəkilinin sözlərinə görə, aprel hadisələri bir daha göstərdi ki, xalq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir: "Hamı Prezident, Ali Baş Komandan ətrafında birləşdi. Bir neçə təşkilatı çıxmaqla bütövlükdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları, xalq həmrəy oldu və düşmən tərəfi də bu birliyi, həmrəyliyi gördü, Azərbaycan haqqında yayılan yalan məlumatlar ifşa olundu. Eyni zamada bu hadisələr Ermənistanın başqa-başqa dövlətlərdən asılı olduğunu nümayiş etdirdi".
YAP rəsmisi deyib ki, bu hadisələr zamanı əksər xarici dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana dəstək nümayiş etdirdi.
S.Novruzov ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən də danışıb: "Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, işlədiyi dövrdə zamanından, məkanından, tutduğu vəzifəsindən asılı olmayaraq həmişə Azərbaycan xalqına xidmət edib. Azərbaycanda 20 Yanvar hadisələri törədiləndə Heydər Əliyev istefada idi, buna baxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, Azərbaycan xalqına qarşı cinayət törədildiyini bəyan etdi. Həmin vaxt Azərbaycanda rəhbərlik edən şəxslər isə hakimiyyət uğrunda mübarizə aparırdılar".
O qeyd edib ki, məhz Heydər Əliyev 1987-ci ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağ məsələsi gündəmə gəldi və Azərbaycanın o vaxtkı rəhbərliyi bunun qarşısının alınması üçün heç bir addım atmadı.
YAP rəsmisi bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən hərc-mərclik, dövlət daxilində qarşıdurma torpaqlarımızın işğal olunmasına gətirib çıxardı: "Vaxtında ümummilli lider hakimiyyətə gəlsəydi, belə hadisələr olmayacaqdı və Azərbaycanın inkişafı indikindən qat-qat artıq olacaqdı. Məhz Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkədə hərc-mərcliyə son qoyuldu və Azərbaycan inkişaf etməyə başladı. O zaman Azərbaycanda ayrı-ayrı siyasi partiyalara xidmət edən silahlı dəstələr var idi. Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitlik yaratdı və bu sabitliyin nəticəsində iqtisadi inkişaf başladı".
S.Novruzov əlavə edib ki, görülən bu işlər nəticəsində Azərbaycan bu gün dünyada nüfuzlu ölkəyə çevrilib: "Azərbaycanın bu uğuru uzunmüddətli müstəqil siyasətin nəticəsidir və təməli ulu öndər tərəfindən qoylan müstəqil siyasət prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bütün beynəlxalq öhdəliklərinə əməl edir və hamı Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Heç də təsadüfi deyil ki, bir neçə il öncə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdi".
Millət vəkili deyib ki, bütün bu qeyd olunanlar nəticəsində Azərbaycanla Ermənistan arasında böyük fərq yaranıb: "Azərbaycanla Ermənistan arasında çox böyük fərq var. Birincisi, elə demoqrafik baxımdan götürək. Azərbaycanın əhalisi ilbəil artır, artıq 10 milyona yaxınlaşır, Ermənistandan isə hər il 100 minlərlə insan başqa ölkələrə qaçıb gedir. Elə Ermənistan mətbuatının verdiyi məlumata görə, orada az sayda insan qalıb. Azərbaycanın təkcə ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. İstənilən sahəni Ermənistanla müqayisə etsək görərik ki, Azərbaycan 10 dəfələrlə irəlidədir. Azərbaycan islahatlar həyata keçirməklə güclü bir dövlət qurub. Ermənistanda isə cinayətkar rejim hakimiyyətdədir. Bu cinayətkar rejim Qarabağ kartı ilə hakimiyyətə gəlib və indiyə qədər də bu kartdan istifadə etməklə özlərinin cinayətkar hakimiyyətlərini qoruyub saxlamağa cəhd göstərirlər. Elə hər il Ermənistandan 100 min insanın çıxıb getməsi ölkənin siyasi və iqtisadi vəziyyətindən xəbər verir".
S.Novruzov bildirib ki, bu cür şəraitdə zaman Azərbaycanın xeyrinə işləyir və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda artıq söz sahibidir.