YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Filip Ştalder: SOCAR İsveçrədə fəal xarici investor və işəgötürəndir

Son bir neçə il ərzində İsveçrə və Azərbaycan sıx əlaqələr qurmağa nail olub. İkitərəfli münasibətlərin genişləndirilməsi üçün münbit siyasi şərait mövcuddur.

Bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı və Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder “Caspian Energy”yə müsahibəsində deyib.

Ölkələrimiz arasında enerji əməkdaşlığı məsələlərinə toxunan səfir xatırladıb ki, İsveçrə Cənub Qaz Dəhlizinin boru kəməri infrastrukturu qismində TAP (Transadriatik boru kəməri) layihəsini fəal şəkildə dəstəkləyib. Filip Ştalderin fikrincə, “TAP İsveçrədəki mənzil-qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümunəsidir”.

Səfir qeyd edib ki, SOCAR Cenevrədəki 160 yanacaq doldurma məntəqəsi və ticarət strukturu ilə birgə İsveçrədə fəal xarici investor və işəgötürəndir.

Filip Ştalder vurğulayıb ki, İsveçrənin Azərbaycan Respublikasındakı dördüncü səfiri kimi onun məqsədi iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin genişləndirilməsi, o cümlədən İsveçrənin Azərbaycanda iştirakını gücləndiməkdir.

Səfirin sözlərinə görə, İsveçrənin iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan nəhəng şirkətləri Azərbaycanda öz fəaliyyətlərini qurub. “Bakıdan cənubda yerləşən müəssisəsində sement istehsalı ilə məşğul olan İsveçrə şirkətlərindən biri qeyri-neft sektoruna birbaşa xarici investisiyanın axın mənbəyidir. İnşaat və sənaye sektorları üçün xüsusi kimyəvi reagent istehsal edən digər İsveçrə şirkəti isə bu yaz Sumqayıt Kimya Sənaye Parkındakı yeni müəssisədə işləmək niyyətində olduğunu açıqlayıb. Beləcə, isveçrəli investorlar ölkə iqtisadiyyatının real sektoruna maraq göstərirlər”, - deyə o bildirib.

İkitərəfli ticarət dövriyyəsinin təxminən 1 milyard İsveçrə frankı (1 milyard ABŞ dolları) təşkil etdiyi deyən səfir bəyan edib ki, hər iki tərəf bu əməkdaşlığı genişləndirmək üçün daha geniş potensialın mövcud olduğunu bildirir.