YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ictimai dinləmə keçirilib

Britaniya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması, aprel müharibəsi və onun səbəbləri barədə ictimai dinləmə keçirilib.

Parlamentin üzvü Bob Bləkmən Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun münaqişə ilə bağlı ona ünvanlandığı müraciətə cavab məktubunu oxuyub.

Məktubda D.Lidinqton diqqətə çatdırır ki, Dağlıq Qarabağ münaqişəsindəki son gərginlik və insan tələfatından sonra böyük narahatlıq hissi keçirib. O, aprel ayının 2-də hər iki tərəfi atəşkəsə səsləyən bəyannamə imzalayıb.

Bildirib ki, Britaniya danışıqlar prosesində birbaşa iştirak etmir. Amma beynəlxalq ictimaiyyətin, BMT, ATƏT kimi təşkilatların münaqişənin həll edilməsində gördüyü işlərə yaxından dəstək verir. Məktubda qeyd edilir ki, Birləşmiş Krallıq Dağlıq Qarabağ münaqişəsində sülhün bərqərar olmasının region üçün vacib olduğuna və Azərbaycan ilə Britaniya arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə zəmin yaradacağına inanır. Britaniya BMT-nin Minsk qrupunun təməl prinsipləri çərçivəsində münaqişənin həll olunmasına və Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılmasına ümid bəsləyir. BMT-nin Minsk qrupu həmsədrlərinin nümayəndələri yenicə regiona səfər edib və hər iki tərəflə birbaşa məsləhətləşmələr aparıb. Biz Ermənistan və Azərbaycan tərəflərini sülh danışıqlarını gücləndirməyə çağırmağa davam edəcəyik.

Milli Məclisin deputatı Cavanşir Feyziyev münaqişənin tarixinə nəzər salaraq XIX əsrdə Azərbaycanın İran və Rusiya arasında bölündüyünü və bu bölünmədən sonra ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməyə başlandığını diqqətə çatdırıb. Həmin ermənilər daha çox İrəvan və Qarabağ ərazisində yerləşdirilib. Daha sonra ermənilər məkrli siyasətə əl ataraq ərazi iddiasında olub, Sovet İttifaqının dağılmasından istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. O vaxtdan bu günədək davam edən münaqişə regionun təhlükəsizliyi və rifahı üçün ciddi təhdid, eyni zamanda, iqtisadi və sosial inkişafa əngəldir. Biz inanırıq ki bu münaqişə tezliklə öz həllini tapacaq, sülh, əmin-amanlıq bərpa olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma torpaqlarına geri dönəcəklər.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan tərəfi beynəlxalq səviyyədə tanınmış torpaqlarının geri qaytarılması üçün bütün vasitələrdən istifadə edəcək. O, Britaniya hökumətini münaqişənin həlli istiqamətindəki səylərini daha da artırmağa səsləyib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Azərbaycanda tolerantlıq mühitindən bəhs edərək ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və dini konfessiyaların dostluq və mehribanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın əksinə olaraq Ermənistan monoetnik bir ölkədir və orada yaşayan azərbaycanlıları da zor tətbiq edərək qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Azərbaycan Ermənistan kimi heç vaxt tarixi, mədəni və etnik təmizləmələr aparmayıb. Nümunə olaraq qeyd etmək yerinə düşər ki, münaqişənin müharibə həddində davam etməsinə baxmayaraq, Bakının mərkəzindəki erməni kilsəsi qorunub saxlanılır.

Səfir diqqətə çatdırıb ki, Ermənistan tarix boyu hər zaman münaqişələrlə nələrəsə nail olub. Qonşuları ilə hər zaman problemlər yaşayıb. Sonuncu dəfə Dağlıq Qarabağda aprel ayında baş verən 4 günlük müharibədən sonra Rusiyanı Azərbaycana silah satmaqda ittiham edirdilər. Əgər sən bütün qonşularınla münaqişə içərisində yaşayırsansa problemi qonşularında yox, özündə axtarmalısan.

Diplomat vurğulayıb ki, aprel ayında nə baş verdiyi bəzən yanlış məlumatlarla da olsa Qərb mediasını da yaxından maraqlandırıb. Bunun çox sadə bir cavabı var ki, beynəlxalq ictimaiyyət Ermənistanı sülh yolu ilə münaqişənin həllinə məcbur edə bilmir. Toqquşmalar Ermənistan tərəfinin təxribatı nəticəsində beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisində baş verir. Beynəlxalq səviyyədə tanınan ərazimizi müdafiə etmək və suverenliyimizə qarşı törədilən təhdidə cavab vermək bizim ən təbii hüququmuzdur.

T.Tağızadə qeyd edib ki, BMT-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin aprel müharibəsində bir araya gəlməsi və tərəfləri atəşkəsə razılaşdırması üç gün çəkdi. Bu qurumun münaqişədə nə qədər təsirsiz bir mövqedə olduğunu, sülh prosesini yalnız inhisarlaşdırdığını bir daha sübut etdi. Beynəlxalq ictimaiyyətin ermənilərin ədalətsiz davranışlarına səssiz qalması onların qeyri-konstruktiv mövqelərində israrlı olmalarına gətirib çıxarır. Aprel müharibəsində Ermənistan tərəfi davamlı olaraq pozduğu atəşkəs rejimindən əlavə mülki əhalimizi atəşə tutmağa başlamışdı. Bu dörd günlük müharibə zamanı bizim Ermənistandan strateji yüksəklikləri almaq niyyətimiz yox idi, biz sadəcə mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bu addımı atdıq.

T.Tağızadə beynəlxalq ictimaiyyətin xüsusilə aprel müharibəsindən sonra uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daha fəal rol oynayacağına ümidvar olduğunu vurğulayıb.

Səfir Britaniya tərəfinin münaqişədəki ədalətli mövqeyinin alqışlanmalı olduğunu bildirib. Qeyd edilib ki, Birləşmiş Krallıq və digər ölkələr regionla tarixi əlaqələrini nəzərə alıb münaqişənin tezliklə həll edilməsində daha böyük rol oynaya bilərlər.

Erməni tərəfi dərk etməlidir ki, işğal və zorakılıqla heç nəyə nail ola bilməyəcəklər. Regionda sülhün və əmin-amanlığın bərpa edilməsi, ticarət və iqtisadi inkişaf, təməlli münasibətlərin qurulması məhz buna bağlıdır.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.