Xəbərlər
Rasim Musabəyov: Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmayanadək regionda tam sabitlik bərpa olunmayacaq
«Son dövrlər Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində Azərbaycana qarşı təxribatçı hücumlar təşkil edilsə də, qarşı tərəf böyük itkilərə məruz qalır. Ermənistan tərəfinin bu hərəkətləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərbədir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, Azərbaycan silahlı qüvvələrinin cavab zərbələrindən narahat olan Ermənistan rəhbərliyi öz təxribatçı hərəkətlərini ört-basdır ertməyə və Azərbaycan tərəfini günahkar çıxarmağa çalışırlar.
Atəşkəsin pozulmasını daha çox erməni ordusunun imkanları haqqında görüntü yaratmaq cəhdi kimi qiymətləndirən millət vəkili hesab edir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmayanadək regionda tam sabitlik bərpa olunmayacaq.
«Məsələnin həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasındadır. Nə qədər ki bu olmayıb, cəbhə xəttində sakitlik olmayacaq. Azərbaycanın bu məsələylə bağlı mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır»- deyə, R.Musabəyov qeyd edib.