YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında icra edilməsi Azərbaycan üçün əsas prioritetdir

“Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında icra edilməsi Azərbaycan üçün əsas prioritetdir.

Bu fikirlər energetika naziri Natiq Əliyevin Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqlə diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirdiyi görüşdə səsləndirilib.

Energetika naziri səfir İ.Siddiqin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən N.Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında BP şirkətinin 20 ildən artıq bir müddətdə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfələrin, Xəzər regionunda nəhəng hasilat və nəqletmə sisteminin yaradılmasında, yeni texnologiyaların regiona gətirilməsində bu şirkətin xidmətlərinin mühüm rol oynadığı vurğulanıb.

BP ilə anlaşma şəraitində əməkdaşlıq edildiyini deyən N.Əliyev bu şirkəti Azərbaycanın etibarlı, strateji tərəfdaşı kimi dəyərləndirib. “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağı blokunun işlənməsi üzrə yeni razılaşmanın imzalanması, “Şahdəniz” yatağında aparılan işlər və həyata keçirilən enerji layihələri ilə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının daha bir neçə onillikləri əhatə edəcəyinə əminlik ifadə olunub.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının fevralın 29-da Bakıda keçirilmiş ikinci iclasının əhəmiyyətindən danışan İrfan Siddiq uğurlu əməkdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

N.Əliyev isə bildirib ki, Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hoskerin toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında, enerji resurslarının şaxələndiriliməsində Azərbaycanın rolunu yüksək qiymətləndirməsi beynəlxalq ictimaiyyət, xüsusilə də maliyyə qurumları üçün ciddi mesaj idi. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında icra edilməsinin Azərbaycan üçün əsas prioritet olduğu vurğulanıb.

Qeyd edilib ki, mayın 17-də Yunanıstanın Saloniki şəhərində “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin təməlinin qoyulması ilə bu layihənin də icrasına rəsmi start veriləcək. “Bununla da “Cənub Qaz Dəhlizi”nin reallaşması istiqamətində hər hansı maneə qalmayacaq”, - deyən energetika naziri layihənin genişləndirilməsinin və Balkan ölkələrinin qaza olan tələbatının ödənilməsinə imkan verəcək interkonnektorların tikintisinin də vacibliyini bildirib.