YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR: TANAP-ın tikintisinin maliyyələşdirilməsində heç bir maneə yoxdur

Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisinin maliyyələşdirilməsində heç bir maneə yoxdur.

Bu barədə “naturalgaseurope.com”a açıqlamasında SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib. O bildirib ki, aşağı neft qiymətləri və xarici kreditlər üçün ehtiyacın yaranmasına baxmayaraq TANAP-ın inşası proqnozlaşdırılan qrafik üzrə davam etdirilir. Yaxın vaxtlarda layihəyə Dünya Bankı və Avropa İnvestisiya Bankı (EIB) tərəfindən 2 milyard 130 milyon dollar vəsait ayrılacaq. Həmin vəsait TANAP-ın 30 faizlik səhmdarı olan Türkiyənin “Botaş” şirkətinə veriləcək və boru kəmərin 780 kilometrlik hissəsinin tikintisinə yönəldiləcək.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin 2023-cü ildə illik 24 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri təxminən 9,8 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.