Xəbərlər
Kerim Somun: Bakı Forumu yüksək səviyyədə təşkil olunub
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi çox düzgün qərardır. Forum çərçivəsində dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, elm adamları bir araya gəlirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçısı, Bosniya və Hersoqovina təmsilçisi Kerim Somun deyib. O vurğulayıb ki, Forum müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük platformalarından birinə çevrilib.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Kerim Somun BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Forumun müxtəlif ölkələrdən olan insanları bir araya gətirməsi baxımından əhəmiyyətini qeyd edən qonaq ölkəmiz haqqında təəssüratlarını da bölüşüb. Deyib ki, Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir. Möhtəşəm binalar, dünyanın lüks brendlərinin ucaltdığı mehmanxanalar Bakının rəmzinə çevrilib. Azərbaycan paytaxtı öz müasir görkəmi isə hər kəsi heyrətləndirir.