YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda bölmə iclası keçirilib

Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda bölmə iclası keçirilib.

Strateji Ehtiyat Qrupunun prezidenti Sundeep Vaslekarınmoderatorluğu ilə keçirilən bölmə iclasında Avropada, Yaxın Şərqdə baş verən hadisələr, münaqişələr, terror aktları, terror qruplaşmalarının fəaliyyətinin qarşısının alınması istiqamətində görülməli olan işlər barədə müzakirələr aparılıb.

Şimali İrlandiya Milli Assambleyasının keçmiş spikeri Lord Alderdice bildirib ki, terrorizmin qarşısını almaq üçün ilk növbədə müxtəlif qruplar arasında ədavətlərin səbəbinin araşdırılması, həmçinin onlarla danışıqların aparılması önəmlidir. O, qeyd edib ki, terrorçuluqda maraqlı olan insanlar qəzəblidirlər, onlar digərlərinin humanist addımlarını belə səhv anlaya bilərlər.

İctimai dinamikliyin nəzərə alınmasının vacibliyini diqqətə çatdıran keçmiş spiker bildirib ki, müharibələrin qarşısını almaq üçün hörmət əsasında münasibətlər yaradılmalıdır. Bunun üçün qarşılıqlı anlaşma, dialoq çox önəmlidir.

Daxili və beynəlxalq hüququn problemlərinə toxunan Lord Alderdice deyib ki, beynəlxalq aləmdə qəbul olunmuş normalara, qanunlara əməl edilməlidir. Əksər hallarda bu qanunların işləməməsi isə təəssüf doğurur. Beynəlxalq hüququn əsas problemi də məhz budur. Bəzi qurumlar özlərinin qəbul etdikləri qərarlara əməl etmək istəmirlər. Ortada rasional düşüncə olmalıdır.

O qeyd edib ki, insanlar bir-birləri ilə görüşməlidir, müzakirələr aparmalıdırlar, qarşı tərəflərin fikirləri öyrənilməlidir. Yekunda ortaq rəy formalaşmalıdır. Bu gün kommunikasiya imkanları bizə şərait yaradır ki, digər ölkələrdə yaşananları asan şəkildə görə bilək. Amma təəssüf ki, bu imkandan da yararlana bilmirik.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov deyib: “Biz ilk əvvəl düşünməliyik ki, bu qruplaşmalar hansı səbəbdən yaranır. Nə üçün biz bu vəziyyətə gəlib çıxmışıq? Sovet İttifaqının və Varşava Paktının iflasa uğramasından sonra nələrin şahidi olduq? Bugünkü dünya liderlərinin beynəlxalq hüquq sisteminin fundamental dəyərlərini əks etdirən birgə Bəyanatı olubmu? Mən bunun şahidi olmamışam. Bu gün beynəlxalq münasibətlərdə ədalət prinsipi mövcud deyil”.

Novruz Məmmədov beynəlxalq aləmdə mövcud olan ədalətsizlikdən danışaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf yeddi rayonu da erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Halbuki ermənilərin bu ərazilərə heç vaxt aidiyyəti olmayıb. Ancaq bu məsələ barədə heç kim danışmır. Bizə bu məsələdə ədalət lazımdır. Beynəlxalq hüquqa əməl olunmalıdır. Təəssüf ki, biz bunu görmürük. Düşünürəm ki, dünyada baş verən bütün münaqişələrin səbəbi ədalətsizlikdir, beynəlxalq hüquqa, münasibətlərə bu cür yanaşmadır”.

BMT-nin bəzi qətnamələrinin dərhal icra olunduğunu xatırladan N.Məmmədov Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uzun illərdir ki, kağız üzərində qaldığını bildirib. O deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, ancaq bəzi qüvvələr bunu istəmirlər.

Müasir müstəqil Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdıran N.Məmmədov deyib ki, biz bunu bütün sahələrdə etmişik. Həm siyasi, həm mədəni, həm idman, həm iqtisadi əməkdaşlıq, enerji, təhlükəsizlik və s. Bu gün BMT ilə birgə bu cür böyük bir tədbirin keçirilməsi də sonuncu və ilk hadisə deyil. Biz bu cür tədbirləri çox keçirmişik. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan ədaləti dəstəkləyib. Biz də beynəlxalq qurumlardan Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləməyi istəyirik. Bunun üçün beynəlxalq hüququn işlək mexanizmi olmalıdır. BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin indiyədək yerinə yetirilməməsi də məhz belə bir mexanizmin olmamasının göstəricisidir. Münaqişənin həllinə cavabdeh olan ATƏT-in Minsk qrupu təcavüzkara təzyiq göstərmir. BMT-nin Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsini tələb etmir. Məsələyə bu cür münasibət digər regionlarda da münaqişələrin yaranmasına rəvac verir. Biz beynəlxalq qurumlardan ədalətli mövqe gözləyirik.

Terrorizmin tarixindən danışan Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağışbildirib ki, terrorçuluq yeni bir fenomen deyil. Onun tarixi qədimdir. O qeyd edib ki, bu məsələlərə dünya hər zaman fərqli reaksiyalar göstərir. “Mənim düşmənimin düşməni mənim dostumdur” kimi yanlış prinsipə əməl olunması bu gün böyük problemlər yaradır.

Terror qruplaşmalarının arxalandıqları qüvvələrin olduğunu bildirən keçmiş nazir bunun kimlər tərəfindən edildiyinin və nə məqsəd daşıdığının araşdırılmasının da vacibliyini bildirib. İnsanların bu cür silahlanmasına imkan yaradan qüvvələrin məqsədləri nədir? Bax, bu, öyrənilməlidir. Terrorçuluqla təklikdə mübarizə aparmağın mümkün olmadığını söyləyən türkiyəli keçmiş nazir vurğulayıb ki, bunun yeganə yolu qlobal müstəvidə müzakirələr aparmaq, əməkdaşlıq etməkdir.

Sülh və Mühafizə üzrə Brazzaville Fondunun sədri Jean-Yves Ollivier qeyd edib ki, ilk növbədə bu qruplaşmalara kimlərin nəzarət etdiyini öyrənməliyik və dialoqu məhz bu istiqamətdə aparmalıyıq. Legitim dövlətin beynəlxalq münasibətlər sistemində rolu və onların terrorizmə qarşı mübarizədə təşkil olunan dialoqlarda iştirakı məsələsindən danışan sədr deyib ki, tarixə nəzər salsaq Afrika təcrübəsində bunun da uğurlu nəticələrinin şahidi olduğumuzu görə bilərik. Düşünürəm ki, bu məsələlər ikitərəfli, regional və beynəlxalq müstəvidə müzakirə edilməlidir. Bu dialoqların təşkili çox mühümdür. Təkcə təşəbbüslərlə kifayətlənmək olmaz. Əməli tədbirlərin görülməsi vacibdir.

Mötədillər Fondu Qlobal Hərəkatının baş direktoru Nasharudin Mat İsa vurğulayıb ki, Yaxın Şərqdə və Avropada terror hadisələrinin şahidiyik. Terrorçuların məqsədi qanlı aktlar törədərək insanları qorxu, təşviş içində saxlamaqdır.

Baş direktor davamlı sülhün bərqərar olması üçün birgə əməkdaşlığın, dialoqun vacibliyindən danışaraq deyib ki, Sivilizasiyalar Alyansının təşkili də bu istiqamətdə atılmış uğurlu addımlardandır. Bu, onu göstərir ki, biz dialoqun təşkil olunmasında maraqlıyıq. Ola bilsin ki, nəticəyə çatmaq çox vaxt aparacaq. Amma əminik ki, bu, uzunmüddətli və davamlı olacaqdır.

“Jordan Times” jurnalının baş redaktoru Samir Barhoum bildirib ki, işğalçı qruplaşmalarla dialoq çox çətindir. Məsələn, hazırda İŞİD-lə dialoq demək olar ki, mümkünsüzdür. Onların özlərinin müəyyən ideologiyaları var. Bu ideologiyaların həyata keçirilməsi isə nahaq qanların tökülməsi bahasına baş verir. Çünki onlar dövlət anlayışını, beynəlxalq hüquq normalarını öz əməlləri ilə inkar edirlər. Bu, həm də ideoloji təhlükədir.

Bölmə iclasında mövzu ətrafında geniş diskussiyalar aparılıb.