Xəbərlər
Forumun Əməkdaşlıq toplantısında “PLURAL+ gənclər videofestivalı”nın qalib filmləri nümayiş olunub
Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “PLURAL+”: Miqrasiya və sosial inteqrasiya mövzusunda gənclər tərəfindən hazırlanan KİV-lərin qeyd olunması (BMT Sivilizasiyalar Alyansı və Beynəlxalq Miqrasiya Təşkilatının rəhbərliyi altında)” mövzusunda əməkdaşlıq toplantısı keçirilib.
BMT-nin Sivilizasiyalar Alyansının media və miqrasiya layihələrinin idarəçiliyi üzrə mütəxəssis Jordi Torrent son illər dünyada artan miqrasiya problemindən söhbət açıb. Bildirib ki, miqrantların ölkələrin cəmiyyətlərinə sosial inteqrasiyasında gənclərin rolu böyükdür. Bu baxımdan “PLURAL+” layihəsi mühüm əhəmiyyət daşıyır.
BMT Beynəlxalq Miqrasiya Təşkilatının daimi müşahidəçisi Aşraf El Nour “PLURAL+” layihəsi haqqında geniş məlumat verib. Qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Sivilizasiyalar Alyansı birgə tərəfdaşlıq çərçivəsində sosial dəyişikliklərin amili olan gənclərin fəaliyyətini genişləndirməyə çalışır. Bu cəhdlərin məqsədi Yer üzündə münaqişələrin qarşısının alınması və sosial birliyin təşviqidir. Miqrasiya sahəsini dəstəkləmək üçün 2009-cu ildən etibarən Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə “PLURAL+ gənclər videofestivalı” (Youth Video Festival) keçirilir. Festivalın təşkilat komitəsi 2016-cı ildə videofilmlərin qəbuluna başlandığını bildirir. Videofilmlər miqrasiya və mədəniyyət müxtəlifliyi mövzularını əhatə etməlidir. “PLURAL+” videofestivalının məqsədi gənclər arasında miqrasiya, sosial inteqrasiya, insan haqları, mədəni müxtəliflik, sosial kimlik qrupları və s. istiqamətlərdə ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaqdır. Öz növbəsində “PLURAL+” bu sahədə geniş platforma yaradıb.
Sonra Jordi Torrent festivalın şərtlərini qeyd edib. Bildirib ki, layihənin əsas şərtlərindən biri 9-25 yaş arası gənclərin iştirakıdır. Qaydalara əsasən hər kəs bir və beş dəqiqə arasında kiçik videofilm hazırlamalıdır. Videomateriallar DVD formatında göndərilməlidir.
Əməkdaşlıq toplantısında “PLURAL+” videofestivalının qaliblərinin filmləri nümayiş etdirilib.
“PLURAL+” mükafatına layiq görülmüş rejissor xanım Kayf Abdulqadir gəncləri festivalda fəal iştirak etməyə çağırıb və hicabla bağlı çəkdiyi filmi təqdim edib. Tədbir iştirakçıları müxtəlif xalqların adət-ənənəsinin, geyim tərzinin birmənalı qarşılanmadığını, eyni zamanda, bu adət-ənənəyə hörmətlə yanaşmağı təbliğ edən filmi maraqla izləyiblər.
“PLURAL+” mükafatına layiq görülmüş rejissor Breeç Aşer Harani “Blue” filminin onun üçün bir neçə dollara başa gəldiyini bildirib. Təqdim edilən film miqrant uşaqların problemlərindən, məktəbdə, həyətdə, parkda həmyaşıdları tərəfindən onlara laqeyd və ya istehza ilə yanaşılmasından, bütün bunların yeniyetmələrin psixologiyasında problemlər yaratmasından və onları intihara belə sövq etməsindən bəhs edir. Lakin miqrantların həmyaşıdları tərəfindən dəstəklənməsinin mümkünlüyünü göstərən kadrlar filmə nikbin sonluq verir.
Tədbirdə Meenakşi Rainin təqdim etdiyi “Maina” filmi də maraqla izlənib. Uşaqlıq dövrünü şən keçirmək əvəzinə, ərə verilən Maina yaşadığı mühitin dözülməz adətlərinin qurbanı olur. Filmdə qız uşaqlarının yaşlarına uyğun həyat tərzi keçirməsi təbliğ olunur.
Tədbirdə Kanadadan Hayli Nottaveyin “Airstrip”, Böyük Britaniyadan Avai Ali və Şehroz Xanın “Inspire” filmi və digər filmlər də nümayiş etdirilib.
Sonra filmlər haqqında müzakirələr aparılıb və suallar cavablandırılıb.