Xəbərlər
Prezident İlham Əliyev: İşğalçı Ermənistana beynəlxalq hüququn normalarına əməl etməyə məcbur edəcək beynəlxalq təzyiq göstərilmir
“Təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır.
İşğal edilmiş ərazilərimizdə hər şey dağıdılmışdır. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onlar dəhşətli hesabatlar təqdim etmişlər. Bütün tikililərimiz, tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmış vəziyyətdədir. Burada, Bakının mərkəzində, siz erməni xalqının dini mirasının tərəfimizdən necə qorunduğunun şahidi ola bilərsiniz. Erməni kilsəsi bərpa edilmiş və ilk gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim bütün məscidlərimiz viran edilmişdir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışı mərasimindəki nitqində söyləyib.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu işğala son qoymaq üçün beynəlxalq ictimaiyyət müvafiq qətnamə və qərarlar qəbul etmişdir. Ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan sadəcə bu qətnamələrə məhəl qoymur və onlara əməl etmir.
“Burada ən mühüm element beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası mexanizmidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə, artıq 20 ildən çox keçir və münaqişə həll olunmamış qalır.
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı da Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən bənzər qətnamə və qərarlar qəbul etmişlər. Ermənistan isə bunlara məhəl qoymur və işğalçını beynəlxalq hüququn normalarına əməl etməyə məcbur edəcək beynəlxalq təzyiq isə göstərilmir.”- deyə, Prezident İlham Əliyev qeyd etmişdir.