YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya deputatlarına Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müraciət ünvanlanıb

Bundestaqın beynəlxalq təcrübə proqramının azərbaycanlı məzunları Almaniya deputatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət ünvanlayıblar.

Müraciətdə deyilir ki, özündə müxtəlif etnik, dini və siyasi mənsubiyyətə malik Azərbaycan vətəndaşlarını birləşdirən Məzunlar Birliyi münaqişənin həllinə dair vahid mövqe nümayiş etdirir: Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalına dərhal son qoyulmalıdır. İşğal davam etdikcə münaqişə tərəfləri arasında etimad yaradan tədbirlərdən danışmaq yersizdir, qarşılıqlı etimad quruculuğu işğalçı qüvvələrin çıxarılması ilə mümkün ola bilər.

Müraciətdə Almaniya mətbuatında münaqişəyə dair bir sıra qeyri-obyektiv məlumatların yayılmasına da toxunulub. Məzunlar xüsusilə bəzi media qurumları tərəfindən Dağlıq Qarabağ münaqişəsinin “xristian ölkəsi Ermənistan və müsəlman ölkəsi Azərbaycan” arasında münaqişə kimi təqdim edilməsini pisləyir, münaqişəyə süni surətdə dini don geyindirmək cəhdlərinin yolverilməz olduğunu vurğulayırlar.

Müraciətdə, həmçinin aprelin 2-də hərbi əməliyyatların guya Azərbaycan tərəfindən başlanılması barədə əsassız məlumatlara də etiraz edilir. Qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin məqsədi cəbhə xəttinə yaxın ərazilərdə son dövrlər düşmən mövqeləri tərəfindən intensiv atəşə məruz qalan və böyük itkilər verən mülki əhalinin təhlükəsiz həyatını təmin etmək olub.

Azərbaycanlı məzunlar vurğulayırlar ki, beynəlxalq birlik sülh danışıqlarının nəhayət nəticə verməsi üçün təsirli addımlar atmalıdır. Müraciətdə Bundestaqın deputatlarına Almaniyanın cari il ATƏT-ə sədrlik etməsindən yararlanaraq Dağlıq Qarabağ münaqişəsinin tam həlli üçün töhfə verməyə çağırış edilir.

“Alman Bundestaqında təcrübə keçmiş azərbaycanlı məzunlar Birliyi” Bundestaqın beynəlxalq təcrübə proqramında iştirak etmiş gənc azərbaycanlı məzunların ictimai birliyidir. İndiyədək Azərbaycandan 40 gənc bu proqramın iştirakçısı olub.