Xəbərlər
Yaqub Mahmudov: Ermənistan uydurma «erməni soyqırımını» dünyada tanıtdırmağa çalışsa da, tarixdə belə bir hadisə olmayıb
«Ermənistan uydurma «erməni soyqırımını» dünyada tanıtdırmağa çalışsa da, tarixdə belə bir hadisə olmayıb. Daşnaklar “böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti yeridiblər». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
Y.Mahmudov bildirib ki, əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci xüsusi amansızlıqla qətlə yetiriblər. Onun sözlərinə görə, dünya tarixində 1914-1918-ci illərdə ermənilərin törətdikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, ən qəddar üsullarla məhv edilməsi faktlarına təsadüf olunmur.
«1914-1918-ci illərdə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı törətdiyi qırğınlar dünya tarixində ən dəhşətli soyqırımlarıdır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı tariximizin qaranlıq səhifələrinə işıq salan ilk rəsmi hüquqi sənəd kimi böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Azərbaycanda baş verən soyqırımlarına dair araşdırmalara daim dəstək olur. Bu da tarixi obyektiv tədqiq etməyə imkan yaradır»- deyə, Y.Mahmudov vurğulayıb.