Xəbərlər
BMT-nin baş katibi və BMT Sivilizasiyalar Alyansının rəhbəri Bakıya gələcək
Aprelin 25-27-də Bakıda keçiriləcək BMT SA-nın VII Qlobal Forumunda iştirak etmək üçün BMT-nin baş katibi Pan Gi Mun və BMT Sivilizasiyalar Alyansının rəhbəri Nassir Əbdüləziz Əl-Nasser Azərbaycana gələcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.
Qeyd edək ki, sözügedən forumun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.