Xəbərlər
ABŞ şirkətlərinin Azərbaycana marağı artmaqdadır
Vaşinqtonda Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirlikləri və Kolumbiya federal dairəsinin Kiçik və yerli biznes inkişafı departamentinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Gürcüstanda biznes imkanları” mövzusunda seminar keçirilib. ABŞ-Azərbaycan Ticarət Palatası və Amerika-Gürcüstan Biznes Şurasının dəstəyi ilə Gürcüstanın ABŞ-dakı səfirliyində təşkil edilən tədbir çərçivəsində regionun biznes mühiti və investisiya imkanları barədə ətraflı məlumat verilib.
Tədbirdə ABŞ-dakı səfirliyimizin müşaviri Fəxrəddin İsmayılov Azərbaycan və ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq barədə danışaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən günlərdə Vaşinqtona səfəri çərçivəsində ABŞ rəhbərliyi ilə keçirilmiş yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazasının vacibliyini qeyd edən Azərbaycan diplomatı, bu mənada aprelin 6-da iki ölkə arasında imzalanmış Açıq Səma Sazişinin yeni imkanlar açacağını söyləyib.
Daha sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova ölkəmizdə mövcud əlverişli biznes mühiti, xarici investorlar üçün yaradılan cəlbedici şərait, potensial sərmayə layihələri və yerli istehsal imkanlarının perspektivlərinə dair təqdimatla çıxış edib.
Gürcüstan tərəfindən bu ölkənin ABŞ-dakı səfirliyinin elçisi Giorgi Tsikolia Gürcüstanda biznes mühiti barədə məlumat verib və eləcə də regionda həyata keçirilən enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açıb.
Seminar iştirakçılarına Azərbaycan və Gürcüstana ticarət missiyası ilə səfərlərin təşviqi məqsədilə hər iki ölkənin iqtisadi və sərmayə imkanları, o cümlədən turizm potensialı haqqında çap materialları paylanıb.
Qeyd edək ki, bu kimi birgə tədbirlərin təşkili Azərbaycan ilə Gürcüstan arasında yaranmış strateji tərəfdaşlığın uğurunun bariz nümunəsi olmaqla yanaşı, ABŞ ictimaiyyəti tərəfindən də maraqla qarşılanır.