YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bu gün biz tam üstünlüyü əldə etmişik

“Azərbaycan Ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu. Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən, Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistan ilə müqayisədə böyük dərəcədə irəliyə getmişdir”. Bu fikirləri aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkdikdən sonra şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşündə səsləndirmişdir.

Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də bu danışıqlar prosesinə hazırıq. Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Kim işğalçıdır, kim işğalın qurbanıdır. Ona görə, danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində biz şəhidlər verdik. Şəhidlərimiz olubdur, yaralılar var. Ancaq onu da bilməlisiniz, Azərbaycan xalqı bilir ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulubdur. Bunun günahkarı onlar özləridir”.