Xəbərlər
Zlatko Laqumciya: Azərbaycanın ərazi bütövlüyünə müdaxilə regionda mənfi nəticələrə səbəb ola bilər
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülhə müdaxilə regionda sülh və sabitlik üçün mənfi nəticələrə səbəb ola bilər.
Bu fikir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın açıqlamasında yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, açıqlamada hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sülhün və ərazi bütövlüyünün qorunması sabitliyin saxlanmasında maraqlı olan hər kəs üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Beynəlxalq hüquq çərçivəsində dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən siyasi və diplomatik üsulların tətbiq edilməsinin uğura gedən yeganə yol olduğu açıqlamada qeyd olunub. Həmçinin vəziyyətin yenidən gərginləşməsinin daha geniş beynəlxalq dəstəyə və münaqişənin sülh vasitəsilə həlli üsullarına ehtiyac olduğunu göstərdiyi diqqətə çatdırılıb.
“Hazırkı qeyri-stabil, dəyişən və asılı dünyada başa düşməliyik ki, bizdən uzaqda olan zorakılıq və ədalətsizliklərə biganə yanaşırıqsa, özümüz də ədalətsizlik və zorakılıqlarla qarşılaşanda oxşar reaksiya bizə də veriləcək”, - deyə sabiq Baş nazir bildirib.
Açıqlamada, eyni zamanda, güclü dövlətlərin hər kəs üçün ədalət və sülhü təmin etməli olduğu, bunun, ilk növbədə, onların özlərinin maraq dairələrində olması diqqətə çatdırılıb.