Xəbərlər
Elman Məmmədov: Erməni işğalçıları son günlər törətdikləri təxribatların cavabını layiqincə alırlar
«Erməni işğalçıları son günlər törətdikləri təxribatların cavabını layiqincə alırlar. Azərbaycan Ordusu işğalçılara öz gücünü göstərməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Onun sözlərinə görə, son hadisələr zamanı cavab tədbirləri nəticəsində erməni qəsbkarlarının xeyli sayda canlı qüvvə və hərbi texnikası məhv edilib.
«Bütün xalqımız işğal altında olan bir sıra ərazilərimizin düşməndən azad edilməsinin sevincini yaşayır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğurudur. Bu gün xalqımızda qələbə əhval-ruhiyyəsi hökm sürür. Hər bir vətəndaş bu uğurların davamlı olmasını, torpaqlarımızın tamamilə işğaldan azad edilməsini istəyir. Amma Azərbaycan dövləti sülh tərəfdarıdır. Əgər Sarkisyan başda olmaqla, erməni işğalçıları niyyətlərindən əl çəkməsələr rəşadətli ordumuz bu missiyanı da yerinə yetirəcək»- deyə, E.Məmmədov qeyd edib.