Xəbərlər
AZPROMO-nun prezidenti: Azərbaycan şirkətləri bu günə qədər Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırmışlar
Azərbaycan şirkətləri bu günə qədər Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırmışlar.
Bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov Qəbələdə V Azərbaycan və Rusiya Regionlararası Forumu çərçivəsində iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi mövzusunda keçirilmiş “dəyirmi masa”dakı çıxışında söyləmişdir.
Azərbaycanda Rusiya kapitalı ilə işləyən təqribən 70 şirkətin fəaliyyət göstərdiyini qeyd edən AZPROMO-nun prezidenti demişdir: “Möhkəm hüquqi baza yaradılmış, 100-dən çox sənəd imzalanmış, Rusiya şirkətlərinin Azərbaycanda işləməsi üçün əlverişli şərait yaradılmışdır”.
Sahibkarlar arasında əlaqələrdən söz açan R.Məmmədov vurğulamışdır ki, son üç ayda Rusiya şirkətləri ilə birlikdə 5 biznes forum, son bir ildə isə təqribən 30 tədbir keçirilmişdir.
R.Məmmədov demişdir: “Biz bütün istiqamətlərdə əlaqələrə maraq göstəririk. Bizim şaxələndirilmiş əmtəə dövriyyəmiz vardır. Əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar mövcuddur.
Azərbaycanda hələ Rusiya bazarında fəaliyyət göstərməyən, lakin fəaliyyətini genişləndirərək Rusiya bazarlarına çıxmaq istəyən şirkətlər vardır”.