Xəbərlər
Yunusbek Yevkurov: Azərbaycan iqtisadiyyatının inkişafı bizim üçün örnəkdir
Azərbaycan iqtisadiyyatının inkişafı bizim üçün örnəkdir.
İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov bu fikri Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda söyləmişdir.
Y.Yevkurov qeyd etmişdir ki, Azərbaycan və İnquş Respublikası mebel və inşaat materialları istehsalı sahəsində bir sıra sazişlər imzalayacaqlar. O demişdir: “Azərbaycanlılar tikinti sektorunu və inşaat biznesini çox fəal mənimsəməyə başlamışlar”.
İnquş Respublikasının başçısı turizm sahəsində əməkdaşlığın əhəmiyyətini də vurğulamışdır: “Azərbaycanda turizm sahəsi çox fəal inkişaf edir, ona görə də biz bu sahədə, xüsusən sizdə çox yüksək səviyyədə olan servis xidmətləri sahəsində müsbət təcrübəni öyrənmək istəyirik”.
Y.Yevkurov daha sonra bildirmişdir ki, Azərbaycan ilə İnquş Respublikası arasında əməkdaşlıq taktiki xarakter daşıyır. O demişdir: “Biz bütün cəhətlərdən Rusiyanın strateji tərəfdaşı olan Azərbaycanın iqtisadiyyatının inkişafını müşahidə edir və bu təcrübəni öyrənirik. İnquş Respublikası miqyasında strateji əlaqələrin tənzimlənməsi hələ xeyli vaxt tələb edir, lakin biz taktiki səviyyədə əməkdaşlığa başlamışıq və bu, müsbət addımdır”.