Gündəm
Əli Əhmədov: Azərbaycan bu gün təkcə iqtisadiyyatı ilə yox, yeniləşməsi, modernləşməsi ilə seçilir
«Bu gün Azərbaycan dünyanın ən sabit ölkəsidir. Sabitlik və əminamanlıq bu günkü reallığı səciyyələndirən başlıca əlamətdir. Ola bilər ki, Azərbaycandan varlı ölkələr olsun. Amma Azərbaycandakı sabitlik, dinclik və əminamanlıq dünyanın az ölkəsində ola bilər». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Prezident İlham Əliyevin «Azərbaycan dünyada sabitliyin, əminamanlığın bərqərar olduğu bir adadır» fikrini xatırladan Əli Əhmədovun sözlərinə görə, əgər bu sabitlik və əminamanlıq olmasa, insanlar üçün yerdə qalan bütün dəyərlər əhəmiyyət kəsb etmir.
«Əgər ölkədə mərmilər partlayırsa, insanlar həlak olursa, qan tökülürsə, evlər dağılırsa, orada kiminsə nə qədər var-dövlətə sahib olmasının heç bir mənası yoxdur. Çünki orada insanın həyatının mənası və dəyəri yoxdur. Heydər Əliyevin Azərbaycanda hakmiyyətə qayıdışı ilə əlaqədar yaranmış ən böyük nemət ondan ibarətdir ki, ölkəmizdə sabitlik, əminamanlıq var. Hər şeydən əvvəl insanın həyatı ən başlıca dəyər kimi qiymətləndirilir. Bundan yüksək dəyər ola bilməz. Bu sabitlik digər dəyərlərin yaranması üçün həlledici əsas olub. Ölkənin iqtisadiyyatı inkişaf edib və bu inkişaf nəticəsində həyatımız köklü surətdə dəyişib. Digər sferalarda da böyük uğurlar əldə olunub. Və ölkəmiz sözün həqiqi mənasında dünyanın diqqətini cəlb edən ölkəyə çevrilib. Azərbaycan bu gün təkcə iqtisadiyyatı ilə yox, yeniləşməsi, modenrləşməsi ilə seçilir. Hazırda ölkəmizdə insanların həyat səviyyəsinin daha da yüksəlməsi üçün bütün işlər görülür. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz bu məqsədlərə xidmət edir. Bütün dünya bunları görür, dünyada Azərbaycana diqqət artıb. Azərbaycan ərazisi və əhalinin sayına görə, böyük olmasa da, əhəmiyyəti, regiondakı liderliyi və dünya siyasətində oynamağa başladığı rol baxımından Azərbaycanı artıq kiçik dövlət hesab etmək olmaz»- deyə, YAP Sədrinin müavini vurğulayıb.