Xəbərlər
Franko Frattini: Azərbaycan bütün dünyaya multikulturalizmi təbliğ edir
Müxtəlif ölkə liderlərini bir araya gətirən bu forum çox əhəmiyyətli tədbirdir. Forumun Azərbaycanda keçirilməsi çox vacibdir. Çünki Azərbaycan bütün dünyaya multikulturalizmi təbliğ edir.
Bunu paytaxtımızda keçirilən IV Qlobal Bakı Forumunda iştirak edən İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini jurnalistlərə açıqlamasında deyib.
Avropalıların Azərbaycana marağının get-gedə daha da artdığını vurğulayan sabiq nazir bildirib ki, hər dəfə Bakıya gələndə bir yenilik görür, istər infrastruktur dəyişikliyinin, istərsə də yaşayış səviyyəsinin artdığının şahidi olur. Bakıda özünü tam təhlükəsiz hiss edir.
Franko Frattini deyib: “Azərbaycan bizim həm siyasi və iqtisadi, həm də mədəni tərəfdaşımızdır. İtaliya Azərbaycanın ən vacib ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin də çıxışında dediyi kimi, qaz kəməri Bakı ilə İtaliyanı birləşdirəcək. Bu, çox önəmlidir. Çünki Azərbaycan enerji nəqlində əhəmiyyətli ölkədir”.